Google şarları bağlantısız yerlərə internet ‘daşıyacaq’

Google şarları bağlantısız yerlərə internet ‘daşıyacaq’

Google-un istehsalı olan hava şarları Keniyanın internet xidməti ilə təchiz edilməsi üçün fəzaya buraxılıb.
 
The Independent yazır ki, bu texnologiya internetlə az və yaxud tamamilə təchiz edilməyən məkanların virtual rabitə ilə təminatı üçün yaradılıb.
 
Bu da qeyd olunur ki, belə hava şarları 80 min kvadrat kilometr sahəni internet bağlantısı ilə təmin edə bilir.
 
Məqalədə deyilir ki, ümumilikdə Afrika üzərinə günəş enerjisi ilə hərəkət edən bu şarlardan 35-ni çıxarmaq planlaşdırılır.
 
Texnologiyanın yaradıcısı Google şirkətinin də daxil olduğu Alphabet qrupunun müstəqil Loon firmasıdır.
 
The Independent yazır ki, hazırda Loon şəbəkəsinin bağlantısı kəsintili ola bilər, çünki heç də bütün şarlar havaya buraxılmayıb.
 
İlkin xidməti yaradacaq 35 şar Amerikadan xüsusi qurğularla havaya qaldırılacaq və bundan sonra küləyin köməyi ilə Keniya üzərinə çatdırılacaq.
 
Şirkətin baş direktoru Alastair Westgarth deyib ki, indiyədək aparılmış sınaqlar belə şarların 18.9Mbps sürətli internet verə bildiyini göstərib.
 
Bu, bəzi evlərdəki Wi-Fi bağlantısı ilə müqayisə oluna bilər və səsli və mətnli zənglərin edilməsi və YouTube kimi saytların videolarına baxılması üçün kifayətdir.
 
Cənab Westgarth qeyd edib ki, erkən sınaqlar bir çox keniyalının internetə bu şarların vasitəsilə bağlandığını göstərir, hərçənd heç də hamı hələki bunu bilmir.
 
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Telkom Kenya şirkəti ilə işbirliyi nəticəsində mümkün olub.
 
Google bildirir ki, o şar uçurtmaqla hazırkı yerüstü və kosmik texnologiyaları əvəzləmək məqsədi qoymayıb.
 
Əksinə, Westgarth-ın ideyasına görə gələcəkdə bütün dünya boyunca rabitənin hər bir insanın ehtiyaclarına uyğun çoxsaylı növləri olmalıdır. /azadliq.org /

Google+ WhatsApp ok.ru