Gənclər şəhərciyinin qaz dərdi

Gənclər şəhərciyinin qaz dərdi

"Bizim Yol" qəzetində !Abşeron Gənclər Şəhərciyində gənclərə "divan tutulur" - sakinlərin etirazı» sərlövhəli məqalə diqqət çəkir. Yazıda Abşeron Gənclər Şəhərciyinin problemlərindən bəhs edilir.
 
Yazıda bildirilir ki, şəhərciyə qazın verilməsi prosesi dayandırılıb. Bu barədə qəzetə şəhərciyin bir qrup sakini məlumat verib: "Bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, dünən işlər dayandırılıb. İki-üç ay müddətində bir neçə blok qazlaşdırıldı, sonra şəhərciyi inşa edən "Akkord" Tikinti Şirkəti "Azəriqaz" İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi".
 
Ancaq şəhərcikdəki Mənzil-İstismar İdarəsindən qəzetə deyiblər ki, işlərin dayandırılmasından xəbərsizdirlər.
 
Qəzetə danışan sakinlər bildiriblər ki, soyuq havada şəhərcikdə həyat iflic olur: "Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur". Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib, ancaq qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə geniştərkibli aksiyalar keçirilib. Hər dəfə "qaz növbəti il veriləcək» deyib bizi aldadıblar".
 
Yazıda bildirilir ki, bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır, mərkəzi istilik sistemi də yoxdur: "Evlərimizi kondisioner və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıqpulu ödəməli oluruq. Bu da, az qala, əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq", - deyə sakinlər bildirib. /

Google+ WhatsApp ok.ru