Hacı Mövsüm Səmədov karsa salındığı üçün aclıq elan edib?

Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədov 5 sutkalıq karsa (cərimə təcridxanasına) salınıb.

Bu barədə İslaminsesi.az-a hacının vəkili Anar Qasımlı bildirib.

O, müvəkkilinin hansı səbəbə görə cərimə təcridxanasına salındığını bilmədiyini və sabah onunla görüşüb məsələyə aydınlıq gətirəcəyini dedi.

Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov sentyabrın 18-də naməlum səbəbdən saxlandığı 11 saylı cəzaçəkmə müəssisəsindən çıxardılaraq Qaradağ rayonunda yerləşən 12 saylı ciddi rejimli həbsxanaya köçürülüb.


İslamazeri.az xəbər saytı isə AİP lideri Hacı Mövsüm Səmədovun yenicə köçürüldüyü 12 saylı CÇM-də karsa salındığı və buna etiraz olaraq aclıq aksiyasına başladığı barədə məlumat daxil olduğunu yazıb.

İslamazeri.az sayt yazıb ki, 12 il həbsə məhkum edilmiş AİP liderinin ailəsi Azərbaycanda olmadığından məlumatı ailəsi ilə dəqiqləşdirə bilmədik.

Məlumatı dəqiqləşdirmək üçün Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, hadisədən xəbərdardır: “Mənbəsi dəqiqdir. Amma mən ona istinad edib deyə bilmərəm. Belə bir məlumat məndə eşitmişəm. Dəqiqləşdirməyə çalışıram.”

Ədliyyə Nazirliyinin penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən İslamazeri.az-a bildirilib ki, “Biz keçən dəfə də Mövsüm Səmədovun yerinin dəyişdirilməsi məsələsi ilə bağlı bildirdik ki, məhkumun yerdəyişdirilməsi, onun barəsində təsdiq olunan tənbeh tədbirləri ilə bağlı pentensiar xidmət cəzanı icra edən orqan olaraq məlumat vermək hüququna malik deyil. Cəza icra məcəlləsinin 16-cı maddəsi bunu bir başa qadağan edir. Bu xəbərlər məhkumun özünün razılığı ilə onun yaxın ailə üzvlərinə və vəkilinə bildirilir.”

 Xatırladaq ki, AİP sədri 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla- hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. /

Google+ WhatsApp ok.ru