Hakimiyyət böyük siyasi əfvə hazırlaşır? – şok gəlişmə

2008-ci ildə dayanan prosesə yenidən təkan verildi; AŞPA ilə Azərbaycan iqtidarı ciddi anlaşma əldə etdi; Prezident Administrasiyasının yetkilisi “dialoqa hazır və açığıq”, - dedi; “unikal qurum”un tam siyahısı bu yazıda...


Avqustun 12-də Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışandan sonra bəyanat yayıb bildirmişdi ki, İnsan Haqları üzrə İşçi Qrup yenidən təşkil ediləcək və bu quruma Avropa Şurasının nümayəndəsi də daxil olacaq. Oktyabrın 22-də həmin məsələ ilə bağlı Milli Məclisdə toplantı keçirilib və artıq İnsan Haqları üzrə İşçi Qrup 6 ildən sonra fəaliyyətini bərpa edib.

Bu haqda xəbəri həmin gün səhər saatlarında Musavat.com-a bərpa prosesində müşahidəçi kimi iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu vermişdi.
Xatırladaq ki, 2005-2008-ci illərdə İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunurdu.

Tədbiri Avropa Şurası Parlament Assambleyasında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov aparıb. Mövzuya dair Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov çıxış edib.

O deyib ki, İşçi Qrupun bərpası Azərbaycanın dövlət başçısı İlham Əliyev və Avropa Şurasının baş katibi Torbörn Yaqland arasında Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı bir neçə dəfə keçirilən müzakirələrin nəticəsidir: “Cənab Prezident hələ Avropa Şurasında çıxışı zamanı da demişdi ki, Azərbaycan iqtidarı vətəndaş cəmiyyəti ilə dialoqa hazırdır. Daha sonra AŞPA prezidenti xanım Ann Brasörlə Azərbaycan prezidenti arasında telefon danışıqları olub. Ümumi qərar belə olub ki, insan haqları üzrə vaxtilə yaradılmış İşçi Qrup yenidən bərpa edilsin. Ümid edirik ki, işçi qrupun bərpası bu sahədə mövcud problemlərin müəyyən edilməsi və aradan qaldırılması üçün ciddi işlər görəcək”.

F.Ələsgərov deyib ki, Azərbaycan hakimiyyəti siyasi dustaq anlayışını qəbul etmir və ölkəmizdə siyasi dustaq yoxdur: “Azərbaycanda siyasi məhbuslar yoxdur, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var”.
 
Onun sözlərinə görə, bu, hələ 2012-ci ildə AŞPA-nın yanvar sessiyasında bəzi xarici qüvvələr tərəfindən hazırlanmış qətnamə layihəsi uğursuzluqla nəticələnərkən öz təsdiqini tapmışdı: “Biz həmişə vətəndaş cəmiyyəti ilə dialoqu müdafiə etmişik və 2005-ci ildə yaradılmış işçi qrupu bu istiqamətdə çox böyük işlər görüb. Vaxtilə bizim səylərimiz nəticəsində 177 məhbus azad edilib, lakin buna baxmayaraq AŞPA siyasi məhbuslar üzrə məruzəçi təyin etmək qərarına gəldi və işin icrasını məhz Kristofer Ştrasserə tapşırdı, beləliklə də, qrupumuz öz işini dayandırmalı oldu”.
 
F.Ələsgərov bildirib ki, Ştrasser ilk günlərdən başlayaraq, Azərbaycana qarşı əks mövqe tutub və onun fəaliyyəti problemin həllinə fayda verməyib: “Lakin İşçi Qrupun fəaliyyətinin bərpası Azərbaycanın daxilində bir çox məsələlərin həlli üçün böyük əhəmiyyət daşıyır. Bizə kənardan hansısa həmməruzəçilər lazım deyil, biz öz problemlərimizi kənardan yol göstərənlər olmadan da həll edə bilərik”.
 
Yada salaq ki, Kristofer Ştrasser Azərbaycandakı siyasi məhbuslarla bağlı geniş siyahı hazırlamışdı. Həmin siyahıda siyasi səbəblərlə həbs edilən şəxslərlə yanaşı, ölkədə terror aktları həyata keçirənlər, separatçılıqla məşğul olan şəxslərin də adları olub. Bu məqam Azərbaycanda siyasi məhbus probleminin tamamilə çözümü üçün ardıcıl mübarizə aparan QHT-lərlə Ştrasser arasında fikir ayrılığı yaratmışdı. Rəsmi Bakı isə bu məsələdə daha sərt mövqe sərgiləmişdi - AŞPA məruzəçisinin Azərbaycana gəlişinə qadağa qoyulmuşdu. Onu da vurğulayaq ki, bu məsələ iyun ayında Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi rotasiya üsulu ilə təhvil alanda da gündəmə gətirilmişdi. O zaman AŞPA-nın bir sıra deputatları Azərbaycanda insan haqları ilə bağlı durumun narahatlıq yaratdığını ifadə etmişdilər. Sessiyada çıxış edən Azərbaycan dövlət başçısı iradlara cavab olaraq bildirmişdi ki, rəsmi Bakı məsələ ilə bağlı geniş tərkibli işçi qrup yaradılmasına və cəmiyyətdə vətəndaş həmrəyliyinin bərpa edilməsinə hazırdır.
Toplantıda çıxış edən Səməd Seyidov bu faktı yada salaraq deyib ki, Azərbaycan tərəfi, o cümlədən də AŞPA İşçi Qrupa insan haqlarının bərpası üçün unikal mexanizm kimi yanaşır.
"Mediaforum"un məlumatına görə, toplantıda qrupun heyəti də formalaşdırılıb. Heyətə bu şəxslər daxildir: Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze, Prezident yanında Əfv Məsələləri Komissiyanın katibi Kəmalə İsmayıllı, Baş Prokurorluğun nümayəndəsi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmin komitənin üzvü deputat Çingiz Qənizadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, həmin şuranın üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, hüquq müdafiəçiləri Eldar Zeynalov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova.
 
Yığıncaqda iqtidaryönlü media quruluşlarının rəhbərləri ilə yanaşı Mətbuat Şurasının sədri, “Yeni Müsavat”, “Bizim yol”, qəzetlərinin baş redaktorları da iştirak edib.
Bərpa prosesində xoşagəlməz məqam isə ABŞ-ın Azadlıq Radiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılla bağlı yaşanıb. Öncədən razılaşdırılsa da X.İsmayıl toplantıya buraxılmayıb. Bəlli olub ki, onun İşçi Qrupda təmsilçiliyi təşəbbüsü Avropa Şurasının baş katibindən gəlib. Ancaq Xədicə İsmayıl 21 oktyabr saat 21 radələrində Facebook sosial şəbəkəsindəki statusunda İşçi Qrupunun üzvləri, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri haqqında  kəskin tənqid yazıb. Toplantıda həmin status-məqalə tam mətnlə oxunub. QHT təmsilçiləri çıxış edərək , deyiblər ki, X.İsmayıl onları təhqir edib. Bu səbəbdən də onunla eyni masa arxasında oturmaq istəmirlər. Xədicə İsmayıl İQ üzvləri barədə belə bir ifadə işlədib: “Bu vaxt, əsəb və enerji deməkdir. Bu, səmimiyyətindən və dürüstlüyündən, yumşaq desək, bədgüman olduğum adamlarla bir masa arxasında əyləşmək deməkdir”...

Bununla da Xədicə İsmayılın təmsilçiliyi ilə bağlı qərar dəyişib. Jurnalist MM-in binasının qarşısında 1 saat gözlədilib. O, bu barədə özünün sosial şəbəkədəki səhifəsində də yazıb. Jurnalist Prezident Administrasiyasına zəng edib, oradan isə X. İsmayılın tədbirə buraxılmamasına təəccübləniblər.
 
Toplantıda Fuad Ələsgərov Xədicə İsmayılla bağlı qərarın dəyişməsindən danışıb: “Qoy, əvvəlcə o özü kim olduğunu müəyyən etsin - hüquq müdafiəçisidir, yoxsa jurnalist?.. Biz hər kəslə, hətta xarici kəşfiyyata işləyənlərlə də dialoqa hazırıq. Ancaq bağışlayın məni, lap birinci gündən işçi qrupumuzu ləkələmək istəyən, onun üzvlərini təhqir edənlərlə necə dialoq qurmaq, hansı mövzuda danışmaq olar?!”

Məsələyə Avropa Şurası Parlament Assambleyası baş katibinin nümayəndəsi, toplantıda iştirak edən Aleksandr  Gessel də münasibət bildirib. AŞPA təmsilçisi Xədicə İsmayılın Facebookdakı məqaləsindən təəssüfləndiyini deyib. AŞPA təmsilçisi bu məsələdə özünün də məsuliyyət payı olduğunu bildirib.
 
Aleksandr Gessel həmçinin Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı prosesin irəliləməsindən məmnunluğunu bildirib: “Bu, gerçəkdən unikal mexanizmdir. Ümid edirəm ki, birgə səylərlə durum müsbətə doğru dəyişəcək”.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu da yaxın zamanlarda Azərbaycanda siyasi məhbuslarla bağlı durumun dəyişəcəyinə ümidlidir: “Toplantıdakı ovqatdan, ümumi gedişatdan, dövləti təmsil edən Fuad Ələsgərovun çıxış və replikalarından ortaya çıxan nəticə budur ki, Azərbaycanda siyasi dustaq kateqoriyasına aid edilən şəxslər yaxın zamanlarda azadlığa çıxa bilər”. R.Arifoğlu musavat.com-un müxbirinə deyib: “Mənə məlum olub ki, hakimiyyət böyük siyasi əfvə hazırlaşır. Tamamilə mümkündür ki, yaxın zamanlarada "siyasi dustaq" adlandırılan məhbusların hamısı azad edilsin. O cümlədən, bir sıra ekspertlərin, o cümlədən də "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin haqqında israrla danışdığı “siyasi açılım”a start verilir. İqtidar bir daha hər kəsə nümayiş etdirdi ki, o, kimsənin tələbi və iradəsi ilə deyil, özünün qərarı ilə hərəkət edir və edəcək. İstənilən halda, mən ümid edirəm ki, yaxın zamanlarda ciddi proseslərin şahidi olacağıq“.
 
İşçi qrupun üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında qurumun bərpasını olduqca müsbət hadisə adlandırıb: “2005-2008-ci illərdə işçi qrup olduqca səmərəli işləyib, 177 məhbusun  azadlığa çıxmasına nail olub. Hesab edirəm ki, işçi qrupun fəaliyyətini bərpa etməsi bu sahədə ciddi dəyişikliklərə səbəb olacaq. Üstəlik budəfəki işçi qrup işini yalnız siyasi məhbuslarla məhdudlaşdırmayacaq, insan haqları ilə bağlı bütün məsələlər bizim gündəmimizdə olacaq. Dünən bizim Avropa Şurasının nümayəndəsi Aleksandr Gessellə 4 saat müzakirələrimiz oldu, bütün xırdalıqları müzakirə etdik, dəqiqləşdirdik. Yaxın günlərdə qrup işə başlayacaq. Ümid edirik ki, ən yaxın zamanda Azərbaycanda insan haqları ilə bağlı problemləri çözə biləcəyik”.
 
İşçi qrupda təmsil olunan digər hüquq müdafiəçi Səidə Qocamanlı isə düşünür ki, proses ölkədə siyasi məhbus probleminin çözümünə yönəlib: “Budəfəki işçi qrupun fəaliyyəti 2008-ci ildəki işçi qrupun fəaliyyətindən geniş olacaq. Öncəki işçi qrupda danışıqlar masasına hüquq müdafiəçiləri və hökumət strukturlarının təmsilçiləri əyləşirdilərsə, bu dəfə işçi qrupda üçüncü tərəf kimi Avropa Şurası baş katibi Torbörn Yaqlandın təyin etdiyi Avropa Şurasının siyasi işlər üzrə departamentinin direktoru Aleksandr Gessel də təmsil olunacaq. Bugünkü toplantıdan çox böyük ümidlərlə ayrılmışıq. Söhbət olduqca konstruktiv, obyektiv keçdi. Tərəflər bir-birini sonadək dinlədi, hər birimizə imkan yaradıldı ki, fikirlərimizi səsləndirək, təkliflər verək. Hiss elədim ki, Azərbaycan rəsmilər insan haqları ilə bağlı problemləri çözməkdə qərarlıdır. Söhbət yalnız siyasi məhbuslarla bağlı problemlərdən yox, insan haqları ilə bağlı kompleks məsələlərdən gedir. Hüquq müdafiəçilərinə gələn bütün şikayətlər bu qrupun müzakirəsindən keçərək öz həllini tapa bilər. Mən ümid edirəm ki, Avropa Şurasının yanvar sessiyasına qədər siyasi məhbuslar azadlığa çıxacaq”.

Səidə Qocamanlı deyir ki, yaxın zamanlarda işçi qrup prioritetlərini müəyyən edəcək: “Yəqin ki, növbəti toplantı noyabr ayında olacaq. Proses qrup üzvlərinin çevikliyindən asılı olacaq. Yəqin ki, öncə 24 nəfərlik siyasi məhbus siyahısına baxacağıq. Həmin siyahıda cəzalarının böyük hissəsini çəkənlər, səhhətində problem olan, əfvlə bağlı müraciət yazan məhbuslar var. Bundan başqa, Avropa Məhkəməsinin azad edilmələri haqqında qərar çıxardığı məhbuslar - Əli İnsanov, İlqar Məmmədov var. Bu siyahıda olan insanların tezliklə azad ediləcəyi gözləniləndir”. musavat /

 

Google+ WhatsApp ok.ru