Hakimiyyət Bakının müdafiəsini və mühafizəsini gücləndirir

DİN-dəki son kadr dəyişikliyinin pərdəarxası; Paytaxt polisinin başına keçmiş desantçı, əməliyyatçı Mirqafar Seyidovun gətirilməsinin sensasion səbəbləri üzə çıxır; iqtidar gələn il paytaxtımızda keçiriləcək beynəlxalq idman tədbirlərinə və həmçinin parlament seçkilərinə indidən ciddi hazırlıq görür; hökumət 2003-cü ildəki təcrübəsini yenidən tətbiq etmək fikrindədir...

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyində (DİN) iki mühüm kadr dəyişikliyi baş verib. 2007-ci ildən Bakı Şəhər Baş Polis İdarəsinə rəhbərlik edən general-mayor Rafiq Abbasov daxili işlər naziri Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilərək DİN Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

R.Abbasovun karyerası xeyli zəngindir. Belə ki, o, 1996-2001-ci illərdə Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, 2001-2002-ci illər ərzində Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, 2002-2004-cü illərdə Zaqatala Rayon Polis Şöbəsinin, 2004-2006-cı illərdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin, 20016-2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb. 2007-ci ilin noyabrından Bakı Şəhər Baş Polis İdarəsinin rəisi idi.

İkinci mühüm təyinat isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general-mayor Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunması idi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi postuna əvvəlcə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin gətirildiyi xəbəri yayılsa da, sonradan məlum oldu ki, BMCMİ-nin yeni rəisi Quba polisinin keçmiş rəisi Seyfulla Əzimov olacaq.

Paytaxt polisinin rəhbərliyinə BMCMİ-dən təyinat olması diqqət çəkir. Belə görünür ki, hökumət paytaxt polisinə əməliyyatçı rəis gətirir. Bakı polisinin yeni rəisi Mirqafar Seyidov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Ali hüquqi təhsili var. 1982-1989-cu illərdə Hərbi Hava Desantı Qüvvələrində xidmətdə olub. 1989-cu ilin oktyabr ayından Daxili İşlər Orqanlarında xidmətə başlayıb. 2005-ci ildən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəhbərlik edib. Yeri gəlmişkən, BMCMİ son illərdə çoxlu sayda səs-küylü əməliyyatlar keçirərək digər qurumlardan fərqlənib. Belə görünür, hökumət bu amilləri də nəzərə alıb və paytaxt polisinə çevik əməliyyat sahəsindən kadr cəlb edib.

Qeyd edək ki, yeni kadr dəyişikliyi, yəni Bakı polisinə yeni rəisin təyinatı ilə bağlı ortaya çıxan daha bir mühüm məqam isə qarşıdan gələn 2015-ci illə əlaqədardır. Məsələ burasındadır ki, gələn il Azərbaycanda iki mühüm hadisə olacaq. Birincisi, parlament seçkiləridir. İstənilən halda parlament seçkiləri ciddi siyasi hadisədir və ilk növbədə hakimiyyətin əsas gücü hesab olunan polis bu prosesdə aktiv şəkildə fəaliyyət göstərir. Doğrudur, əvvəlki rəisin zamanında da Bakıda seçkilər zamanı hakimiyyət üçün təhlükəsizliklə bağlı problem ortaya çıxmayıb. Amma mövcud hakimiyyətin narahatlığı təkcə ənənəvi siyasi müxalifətə görə deyil. Zatən ənənəvi müxalifət son illər kifayət qədər zəifləyib, onun əvvəlki təsir gücü, iqtidara problem, başağrısı yaradacaq mexanizmləri qalmayıb. Lakin hakimiyyət üçün xarici faktor hər zaman təhlükə mənbəyi olaraq qalır. İqtidar həm Qərbin, həm də Rusiyanın dəstəklədiyi müxalifətin təhlükəli olduğunu bu və başqa formada həmişə etiraf edib. Son illər Azərbaycanda qərb və rusiyapərəst müxalifətə qarşı total hücumların edilməsi də məhz bu qorxunun, narahatlığın ifadəsidir.

Ötənilki prezident seçkilərində Azərbaycan iqtidarı son 20 ildə görmədiyi, üzləşmədiyi bir mənzərə ilə qarşı-qarşıya idi: 2013-cü ilin prezident seçkiləri ərəfəsində ölkəmizin qərbyönümlü qüvvələri ilə Rusiyaya bağlı qüvvələri bir təşkilat - Milli Şura daxilində birləşmişdilər. Buna zorən birlik də demək olardı. Çünki bütün dövrlərdə Qərbə bağlı müxalifətlə nəbzi Kremlin saatı ilə döyünən qüvvələrin arasında qarşılıqlı nifrət və etimadsızlıq olub. Fəqət 2013 ərəfəsində hər iki qüvvə Əliyev iqtidarına qarşı böyük bir cəbhə oluşdurub onu devirməyi planlaşdırırdı.

Sadəcə, o dövrdə İlham Əliyev daha çevik və ağıllı davranıb bu cəbhəni Putinin əli ilə darmadağın etdi. Rusiya prezidentinin 2013-ün avqust ayında Bakıya səfəri oyunu bitirdi. Rusiya prezidenti çox ciddi kompensasiya hesabına İlham Əliyevə və onun iqtidarına qarşı yaratdığı “Milyarderlər İttifaqı”nın arxasından çəkildi və prosesi durdurdu. Bu projenin alınmamasında Milli Şuranın o zamankı sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlməkdən imtina etməsi də ciddi rol oynadı. Amma Rusiyanın, Qərbin rəsmi Bakıdan əl çəkdiyini söyləmək də sadəlövhlük olardı. Gələn keçiriləcək parlament seçkiləri ərəfəsində 2013-dəki kimi bir koalisiyanın yaradılmayacağına kim təminat verə bilər? Prezident seçkisindən fərqli olaraq, parlament seçkiləri ölkədə siyasi mühitə daha çox təsir edir. Prosesə minlərlə iddiaçı qatılır. 125 seçki dairəsinin hər birindən minimum 10-15 adam namizədliyini irəli sürür. Nəticədən narazı qalan xeyli iddiaçını bir təşkilat daxilində birləşdirəndə bu, hakimiyyətə qarşı böyük bir koalisiya deməkdir. Həmin koalisiya vasitəsilə Azərbaycanda, xüsusilə də paytaxt Bakıda iqtidara çox ciddi problemlər yaşatmaq mümkündür.  

***
Bakıda gələn il baş verəcək daha bir mühüm hadisə 2015-ci il Avropa Oyunlarıdır. Məlum olduğu kimi, bu yarışa hakimiyyət çox böyük önəm verir və ciddi hazırlıqlar görür. Hazırda dünyadakı şərtlər isə təbii olaraq bu kimi yarışlarda təhlükəsizlik, ictimai asayişin qorunması məsələsini aktuallaşdırır. Yəni gələn il Azərbaycan paytaxtında polisin fəaliyyəti demək olar ki, gücləndirilmiş rejimdə olacaq. Bu tip beynəlxalq yarışlar da təhlükəliliyinə görə hakimiyyət üçün seçki prosesindən geri qalmır.

Xatırladaq ki, məhz 2012-ci ildə “Eurovision” mahnı yarışması zamanı terror aktlarına cəhdlər oldu və baş verən əməliyyatlar zamanı təhlükəsizlik orqanları itki verdi. Hazırkı vəziyyətə nəzər salanda aydın olur ki, gələn il Bakıda keçiriləcək oyunlarda ciddi əməliyyat tədbirlərinin, təhlükəsizliyin qorunması işi yüksək səviyyədə təşkil olunmalıdır. Yəni hakimiyyətin öz nüfuzunu artırmaq üçün Bakıda təşkil edəcəyi beynəlxalq idman oyunlarına qarşı ayrı-ayrı ölkələrin öz oyunları ola bilər. Necə ki, yuxarıda qeyd etdiyimiz kimi, 2012-ci ildə bu, olmuşdu.  

Paytaxt polisinin dəyişdirilməsinin daha bir səbəbi isə görünür, son dövrlərdə cinayətkarlığın səviyyəsinin artması, o cümlədən polisdə, xüsusən də rəis heyəti içərisində nizamnamə hallarının tez-tez pozulması ilə bağlıdır. Belə ki, son aylarda daxili işlər naziri bir neçə polis rəisini məhz bu səbəbdən cəzalandırıb. Görünür, daha çox administrativ, kabinet adamı kimi tanınan R.Abbasovun yerinə BMCMİ-dən təyinat olmasının bir səbəbi də paytaxt polisində nizam-intizamı, iş rejimini çevikləşdirmək, daha gərgin olması gözlənilən 2015-ci ilə hazırlıqla bağlıdır.

Mövzunu “Yeni Müsavat”a şərh edən adının çəkilməsini istəməyən ekspert də son təyinatların gələnilki tədbirlərlə bağlı olduğunu düşünür: “Bildiyiniz kimi, BŞBPİ-nin yeni rəisi əvvəl işlədiyi yerə görə daha ciddi və sərtliyi ilə tanınıb. Görünür, hadisələrin perspektiv inkişafı, o cümlədən gələnilki seçkilər, Avropa Oyunları zamanı asayişin qorunması, ekstremal situasiyalara daha kəskin reaksiya verilə bilən bir zabitin olmasını məqsədəuyğun hesab ediblər”.

Ekspertə görə, M.Seyidovun Bakı polisinə rəhbər təyin olunması perspektivdə onun daha yüksək vəzifəyə təyin olunması ilə bağlı planlarla əlaqəli də ola bilər: “Burda perspektivi də düşünüblər. Nəzərə almaq lazımdır ki, bu təyinat yalnız daxili işlər nazirinin mövqeyi deyil, yüksək səviyyədə razılaşdırılıb. Perspektivdə daha böyük dəyişikliklərin olması, M.Seyidovun daha yüksək vəzifəyə gətirilməsi mümkündür. Çünki bu adam hakimiyyətə sədaqətli kadr hesab olunur və onun daha yüksək vəzifəyə irəli çəkilməsi mümkündür”.
***

Sonda xatırladaq ki, 2003-cü ilin prezident seçkisi zamanı məhz polisdəki generalların, Əliyevlərə sadiq kadrların hesabına hakimiyyət vəziyyətdən çıxa bildi. 2005-ci ilin 26 noyabr mitinqi zamanı da “Qələbə” meydanı inqilab köynəkləri geymiş müxalifətçilərdən Daxili Qoşunların amansız hücumu ilə təmizləndi. Görünür, 10-12 ildən sonra iqtidar bu təcrübəni yenidən sınaqdan keçirmək fikrindədir.   Musavat.com/

 

Google+ WhatsApp ok.ru