Hakimiyyətin azadlıq “şahidi”

 
Deyirlər, yalançının şahidi yanında olar. Bu mənada hökumətimiz həmişə yanında “şahid” saxlayır. Korrupsiyadan, süründürməçilikdən söhbət düşəndə “Asan xidmət”i nümunə çəkirlər, 20 faiz torpağın itkisindən söz düşəndə “bizim hərbi büdcəmiz, Ermənistanın dövlət büdcəsindən çoxdur” deməklə təsəlli tapırlar. Iqtisadi inkişafdan danışmaq məqamı çatanda Neft fondundan danışırlar.
 
Amma, nə “Asan xidmət” dövlət strukturlarındakı qeyri-şəffaf mühiti gizlədə bilir, nə hərbi qüdrətimiz torpaqları işğaldan azad edir, nə də Neft fondu iqtisadi inkişaf xalqın həyatında hiss olunur. Yəni bu “şahid”lər “məhkəmə”nin hökmünü dəyişə bilmir.
 
Bu mənada internet də növbəti “şahid”dir. Nə zaman insan haqlarından, söz azadlığından söhbət düşsə, “bizim ölkədə internet azadlığı var” deyirlər. Xüsusən də ölkə başçısı Ilham Əliyev bu arqumentdən bolluca istifadə edir. Ilham Əliyev Almaniya səfəri zamanı da insan haqları ilə bağlı suallara, iradlara “Azərbaycanda internet azadlığı tam təmin olunubsa, söz azadlığının, insan haqlarının pozulmasından söhbət gedə bilməz” formasında cavab verib.
 
 
Bu məntiqlə, yoxsulluğun kökünün kəsildiyi ölkədə, ünvanlı sosial yardımın verilməsinə ehtiyac olmamalı idi. Yaxud, işsizliyin 5 faizə endiyi ölkədə milyonlarla vətəndaş iş dalınca xaricə axışmazdı.
 
Düzdür, Azərbaycanda internet azaddır və hər kəs internetdən istifadə edə bilər. Amma Azərbaycanda “internet məhbusları” var. Sosial şəbəkələrdə tənqidi statuslar yazanlar, bloggerlər, jurnalistlər müxtəlif ittihamlarla həbs olunub. Azərbaycanda kiber cinayətkarlıq hökm sürür. Sosial şəbəkələrin fəal iştirakçılarının səhifələri ələ keçirilir, müxtəlif vasitələrlə müxalif fəalların profilləri oğurlanır, onların adından təxribatçı fikirlər yayılır və s.
 
Digər tərəfdən, bütün dünya Azərbaycanda insan haqlarının pozulmasından danışır, hesabatlar hazırlanır, onlarla insana “vicdan məhbusu” adı verilib. Belə bir reallıqda interneti qalxan kimi istifadə etmək gülünc görünür. Yəni Ilham Əliyevin “azadlıq meyarı” yanlışdır.
 
Ölkədə demokratik təsisatlar, qanunun aliliyi, şəffaflıq yoxdursa, azadlıqdan, insan haqlarından danışmaq mümkün deyil. Belə yanaşsaq, Azərbaycanın hər yerində çörək satılır, amma bu o anlama gəlmir ki, hamı yaxşı dolanır. Əsas olan alıcılıq qabiliyyətidir.
 
Indiki situasiyada isə əsas olan hakimiyyətin özünün azad düşüncəli olmasıdır. Internetin azad olması digər neqativ tendensiyaları inkar etmir. azadliq.info/

Google+ WhatsApp ok.ru