ÜHÜD MÜHARİBƏSİ

Müsəlmanların Bədr müharibəsində qələbə çalması və müşriklərin öldürülməsi, onların başçılarını çox əsəbləşdirmişdi. Belə ki, Əbu Süfyan heç kimə ölənlərə yas tutmağa icazə verməmişdi.
 
Digər tərəfdən isə, yəhudilər müsəlmanların qələbəsindən çox narahat idi. Buna görə də yəhudilərdən Kəb ibn Əşrəf adlı biri Məkkəyə gəlib camaatı üsyana çağıran şeirlər oxuyaraq müşriklərin ölülərinə ağlaya-ağlaya Qüreyşi onların intiqamını almağa təhrik edirdi.
 
Axırda müşriklər “Darün-nüdvədə” yığıncaq keçirərək bir çox müzakirələrdən sonra gələn müharibənin büdcəsi olan əlli min dinar qızılı təsdiq və təmin etdilər. Sonra da müharibə üçün könüllü döyüşçü yığmağa və Məkkə ətrafındakı qəbilələrdən kömək almağa başladılar.
 
HƏRƏKƏTİN RİTMİ
 
Üç min nəfərdən ibarət olan müşrik ordusu Məkkəyə yola düşmüşdü.
 
O günə kimi müsəlman olduğunu gizlədən Abbas ibn Əbdülmüttəlib Peyğəmbərimizin (s) görüşünə gəlmişdi. Mədinəyə tərəf sürətlə hərəkət edən bir nəfərə verdiyi məktubda əhvalatı həzrət Peyğəmbərə bildirmişdi.
 
Əbu Süfyanın başçılığı altında hərbi təchizatla hərəkət edən müşriklər ordusu Ühüd dağları yaxınlığında çadır qurub düşərgə saldı. Onların piyada əsgərlərinin başçısı isə Xalid ibn Vəlid idi. Peyğəmbərimiz (s) vəziyyətdən xəbər tutan kimi əshabı ilə məsləhətləşib əksəriyyətin təsdiqi ilə qüvvələrini Mədinədən xaricə çıxarmağı qərara aldı.
 
Həzrət Peyğəmbər (s) 1000 nəfər könüllü əsgərdən ibarət İslam ordusu ilə hicri 3-cü ilin şəvval ayının yeddisində, sübh namazından sonra, Ühüdə sarı yola düşdü. İslam ordusu düşmənin düşərgəsi yaxınlığında çadır qurdu.
 
Peyğəmbərimiz Abdullah ibn Cübeyri əlli ox atan ilə birlikdə Ühüd keçidinə göndərdi ki, strateji əhəmiyyətə malik olan həmin keçidi qorusunlar. Onlara nə olursa olsun, (qələbə yaxud məğlubiyyət) oranı tərk etməyə haqları olmadığını söylədi.
 
Nəhayət tövhid və şirk orduları qarşı-qarşıya gəldilər və ilk toqquşma Qüreyş əsgərlərindən olan Əbu Əmir tərəfindən başlandı.
 
Əvvəlcə qüdrətli İslam ordusu tam cəsarət və imanla döyüşüb küfr ordusunu dağıtdı, ancaq birdən-birə müharibənin şəkli dəyişdi.
 
Peyğəmbərimizin keçidi qorumaq üçün göndərdiyi əsgərlər müharibənin qurtardığını güman etdiklərinə görə qənimət yığmaq üçün oranı buraxmış və strateji əhimiyyətə malik olan bu keçid müdafiəsiz qalmışdı.
 
Düşmənin piyada hissələrinin başçısı Xalid ibn Vəlid də bu fürsətdən istifadə edərək qüvvələri ilə birlikdə dağın arxa tərəfinə keçmiş və keçidə girəndə qənimətləri yığmaqla məşğul olan müsəlmanlara həmlə edərək onların çoxunu öldürmüşdü.
 
Müsəlmanlar yetmiş şəhid verərək müharibə meydanından geri çəkilməyə məcbur oldu. Müharibədə müşriklər qələbə çaldı. Ancaq Allahın Peyğəmbəri (s), həzrət Əlinin (ə) fədakarlıqları nəticəsində əsgərləri təzədən toplayıb düşməni təqib edərək onlardan bir qismini öldürərək, müşriklərin yenidən Mədinəyə basqın etməsinin qarşısını aldı.
 

Google+ WhatsApp ok.ru