Hökümətdən sosial yardım umanların sayı artıb

Hökümətdən sosial yardım umanların sayı artıb

"Yeni Müsavat" qəzetində "Sosial yardımı kəsilən ailələr – onlar nə etsin…" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, ölkədə əhalinin yoxsulluq səviyyəsi artmaqdadır. Bunu bazarlarda alıcılıq qabiliyyətinin azalmasından da görmək mümkündür: "Son iki ildə iş yerlərinin sürətlə bağlanması, əmək haqlarının azalması, xarici ölkələrdə, xüsusən Rusiyada işləyən həmvətənlərimizin ölkəyə göndərdikləri vəsaitlərin azalması, ərzaq və gündəlik tələbat məhsullarının bahalaşması insanların yaşayış səviyyəsini aşağı salıb".
 
Müəllif hesab edir ki, elə bu sadalanan səbəblər ölkədə ünvanlı sosial yardıma ehtiyacı artırıb. Ancaq bu prosesin əksinə olaraq, bölgələrdə sosial yardımın alınması xeyli çətinləşib.
 
İqtisadçı-ekspert Rəşad Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: "Elektron müraciət formasının qəbul edilməsindən sonra, xüsusilə regionlarda maarifləndirmə tədbirlərinə ehtiyac var idi ki, insanlar müraciət zamanı texniki səhvlərə yol verməsinlər. Belə olduğu halda həmin ailələr növbəti müraciət dövrünə qədər sosial yardım itkisi ilə üzləşir".
 
Bununla belə, R.Həsənov statistik rəqəmlərə istinadən ünvanlı sosial yardım alanların sayının artdığını bildirib. O qeyd edib ki, 2016-cı ildə sosial yardım alanların sayında 55 faiz artım olub: "2016-cı ildə bu göstəricilər ciddi şəkildə artıb. 2015-ci ildə 450 min nəfər sosial yardım almışdısa, 2016-cı ildə bu göstərici 680 min nəfərə qədər artıb. Bu o deməkdir ki, sosial yardım alan fərdi vətəndaşların sayında 230 min nəfərə qədər artım baş verib".
 
Ekspert deyib ki, son iki ildə əhalinin gəlirlərinin azalması da yardım məqsədilə müraciət edənlərin sayını artırıb. Onun fikrincə, hazırda 250 minə yaxın ailənin ünvanlı sosial yardıma ehtiyacı var. Amma texniki və ya digər süni yaradılmış səbəblər üzündən bu yardımı ala bilmirlər.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə sosial müavinətlərin verilməsində hər hansı problem olmadığını bildirib. /

Google+ WhatsApp ok.ru