Honq Konqda etirazlar qızışır

Honq Konqda etirazlar qızışır

Dünən – iyulun 30-da yüzlərlə adam Honq Konqda polis şöbəsinin qarşısına yığışaraq “şəhidlərə azadlıq” şüarı səsləndiriblər. Bundan öncə isə həftəsonu polislə etirazçıların toqquşmasında sonra 44 fəala ittihamlar irəli sürülüb.
 
“Reuters” agentliyi yazır ki, ilk dəfədir etirazlara görə iğtişaş ittihamı qaldırılır. Etirazlar şübhəlilərin Honq Konqdan Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsindən dolayı keçirilir. Daha bir etirazçıya silah saxlama ittihamı irəli sürülüb.
 
Bazar günü polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib. Etirazçılar isə yolları bağlayıb, polisə kərpic, çubuq atıb.
 
Demək olar hər gün keçirilən etirazlar şəhərdə biznesin işini əngəlləyir, şəhər hakimiyyətinə təzyiqi artırır. Polis isə aşırı gücdən istifadədə ittiham olunur.
 
Polis şöbəsi qarşısında da polislə qarşıdurma yaranıb. Honq Konqda iğtişaşa görə maksimum 10 il həbs nəzərdə tutulur. Fəallar isə yalnız ədalət istədiklərini deyiblər. Onlar yağışın altında dayanaraq “Honq Konqu azad et”, “Zəmanəmizin inqilabı” şüarları səsləndiriblər.
 
Ekstradisiya layihəsi indilik ertələnsə də, etirazçılar onun ləğvini, həmçinin şəhər rəhbəri Carrie Lam-ın istefasını, polisin böhranı necə yoluna qoymasının müstəqil araşdırılmasını, həbs olunanların hamısının qeyd-şərtsiz buraxılmasını tələb ediblər.
 
Fəallardan bəziləri bu gün məhkəmə qarşısına çıxarılacaq. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru