Hövsanda məktəb direktoru şagirdləri təhqir etdi: Kənd sakinləri ayağa qalxdılar - YENİLƏNİB 3 - FOTO

12.30 - Şahidlərin bildirdiyinə görə, aksiya başlayan zaman məktəbin həyətinə gələn direktor daha sonra oradan qaçmaq istəyib. Bu zaman maşını həyəcandan, tələsdiyindən aksiya iştirakçılarının üstünə sürüb. Bu zaman aksiyada iştirak edən gənclərdən biri qorxub. Həmin şəxs qəsəbənin 20 yaşlı sakini Elmar Rəcəbəli oğlu Əliyev olub. Hadisə şahidlərinin sözlərinə görə, həyəcandan E.Əliyevin dili qatlanıb, qıcolması tutub. Onun epilepsiya xəstəsi olduğu deyilir.

11.37 - Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, idarənin məsul şəxsləri hadisənin araşdırılması məqsədilə məktəbə ezam olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

11.09 - Aldığımız son məlumata görə, məktəb qarşısına toplaşan kənd sakinlərindən polis ərazidən uzaqlaşmalarını tələb edib. Yaranan qarşıdurma zamanı bir nəfərin ürəyi gedib. Hadisə yerinə təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) faktı təsdiqləyiblər.

***

Maide.az xəbər verir ki, bu gün səhər saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında etiraz üçün ayağa qalxıblar. Etiraza səbəb 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun 9b sinfinin şagirdlər kəskin təhqir etməsidir. Belə ki, şagirdlər bir aydır tarix müəllimlərinin olmadığını və dərslərdən geri qaldıqlarını məktəb direktorunun nəzərinə çatdırıblar. Məktəb direktoru da müəllimin xəstə olduğunu söyləyib. Bundan sonra şagirdlər heç olmasa, onun yerinə əvəzedici təyin edilməsini istəyiblər. Direktorun şagirdlərə verdiyi cavab isə bütün etik normalardan kənar olub. O, şagirdləri təhqir edib. 

Direktorun təhqiramiz cavabı qəsəbə sakinlərinin hiddətinə səbəb olub və onlar məktəb qarşısına toplaşaraq, direktorun vəzifəsindən çıxarılmasını istəyirlər. 

Hazırda qəsəbədə etiraz aksiyası keçirilir.

Əlavə məlumat veriləcək.







Google+ WhatsApp ok.ru