Çindən 2 dollara alınan ayaqqabı Bakıda çinliyə 40 manata necə satılır

Çindən 2 dollara alınan ayaqqabı Bakıda çinliyə 40 manata necə satılır

…“Dolların bahalaşmasından sonra icarə pulunun azaldılması tələbi ilə keçirdiyimiz aksiyalar nəticəsini verdi. Rəhbərlik icarə pulunu azaltdı. Amma yenə də alver zəifdir”.

 

Bunu virtualaz.org saytının əməkdaşlarına “Binə” ticarət mərkəzindəki geyim mağazasının sahibi Samir Əliyev deyir.

 

Neçə vaxtdır satıcılar qazanclarının azlığından, xərclərinin çoxluğundan şikayətlənsələr də, “Binə” ticarət mərkəzi hələ işləyir. Dollar bahalaşandan sonra bağlanan mağazaların əksəriyyəti açılıb.

 

Virtualaz.org saytı icarə haqqının azaldılmasından sonra bazardakı vəziyyəti öyrənib.

 

 

Satıcı Samir Əliyev deyir ki, mağazanın yerləşdiyi yerdən, sahəsindən asılı olaraq 100 manatdan 500 manatadək endirim edilib. “Mən əvvəllər 1300 manat icarə pulu ödəyirdim. Amma indi 1050 manat yer pulu verirəm. 250 manat güzəşt etsələr də, vergi, sosial fond və digər ödənişlərlə xərclərim yenə qazancdan çox olur. Mayadan yeyirik”, - deyə satıcı alverin olmamasından gileylənir.

 

İndi mağazaların əksəriyyətində çimərlik geyimləri satılır. Nəriman adlı satıcı deyir ki, onun icarə haqqı 100 manat azaldılıb: “Mənim mağazamın icarə pulundan 100 manat endirdilər. Mən həm də əlavə olaraq yerpulu verirəm. Əvvəllər uşaq oyuncaqları satırdım. İndi kimdir uşağına oyuncaq alan? Həftədə 20 manatlıq alver edə bilmirdim. Buna görə də, çimərlik geyiminin satışına başladım. Yay bitəndən sonra qış geyimləri gətirəcəyəm”.

 

 

Ticarət mərkəzində uşaq oyuncaqları, pərdə və ev əşyaları satışı ilə məşğul olan mağazaların əksəriyyəti ya bağlanıb, ya da profilini dəyişib. Satıcılar əvvəllər Dağıstandan və rayonlardan gələnlərin hesabına ayaqda durduqlarını söyləyirlər. Son zamanlar isə bazar daimi müştərilərini itirib.

 

Biz yarmarkada olarkən tək-tək qeyri-azərbaycanlılarla rastlaşdıq. Dağıstandan gəlmiş qadın bahalıqdan şikayətlənir.

 

“Dünəndən indiyədək cəmi 2 cüt ayaqqabı satmışam. Əvvəl Dağıstandan müştərimiz çox idi. İndi bizimkilər oradan mal gətirməyə gedirlər”, - bunu isə ayaqqabı satışı ilə məşğul olan İlkin Rəhimov söyləyir.

 

 

 

Satıcının sözlərinə görə, ara-sıra əcnəbi müştərilər olsa da, onlar bahalı ayaqqabılara üstünlük vermirlər. “Daha çox İrandan gələn turistlər alver edirlər. Amma iranlılar ən ucuz ayaqqabını alırlar. Bəzən çinlilər də burdan Çin malı alıb ölkələrinə aparırlar. Bu həftə 3 çinliyə ayaqqabı satmışam”.

 

İlkin deyir ki, çinliyə onun ölkəsindən 2 dollara alınan yay ayaqqabısını 40 manata sata bilib: “Daha çox İran və Türkiyədən gələnlər endirim edilməsini istəyirlər. Amma çinlilər çox zaman qiymətlə bağlı danışıqlar aparmırlar. Ya da dilimizi çox başa düşmədiyindən qiymət söhbəti etmirlər”.

 

“Formula1” ərəfəsi Bakıya gələn turistlər “Binə” ticarət mərkəzində alver ediblər.

 

 

 

Siyavuş adlı satıcı deyir ki, Almaniyadan gələn ailə 200 manatlıq çimərlik geyimi, yaylıq alıb: “Almaniyada yaşayan türk ailəsi yaxşı alver etdi. Dedi ki, Türkiyədə qiymətlər burdan dəfələrlə bahadır”.

 

Amma buna baxmayaraq, Siyavuş hələ də alverin zəifləməsindən narazılıq edir. Onun sözlərinə görə, 2-3 aydan bir hansısa əcnəbinin alver etməsi və ya 5-10 manat güzəştlə “yaraları sağalmayıb”. Mal daşımalarındakı qiymət artımı səbəbindən onlar da geyimləri bahalaşdırmaq məcburiyyətində qalıblar: “Alıcılar bizə deyirlər ki, əvvəl “Sədərək” və ya “Binə”dəki qiymətlər şəhərdəki mağazalardan sərfəli idi. İndi əksər bazarlarda qiymətlər ucuzdur, bu yarmarkada isə əksinə baha satılır. Amma deyə bilmirik ki, daşınma pulu bahadır. 100-200 manatla iş bitmir, mal bizə baha başa gəlir, biz də baha satırıq”.

 

 

Ticarətçilər etiraf edirlər ki, əksəriyyət xərci azaltmaq üçün öz satıcısı ilə vidalaşmalı olub. Məsələn, dəri geyimlərinin satışı ilə məşğul olan Sahib Məmmədovun sözlərinə görə, satıcılardan birini işdən çıxarıb, indi özü də satıcılıq edir. “Qonşu mağazaların əksəriyyəti də satıcısını işdən çıxarıb. Başqa əlac yoxdur. Onsuz da son 1 ildə dəri geyimlərinin alveri zəifləyib. Brend mallar gətirsək də, ay ərzində 2-3 mal satılmır”, - Sahib Məmmədov əlavə edir.

 

Ticarət mərkəzinin son sıralarında alver, ümumiyyətlə, dayanıb. 6-8-ci sıralardakı əksər mağazalarda “endirim”, “1+1” reklamlarına rast gəlinir. Bəzi mağazalar isə yenə də icarədar sorağındadır. “Bir paltar alana birini də hədiyyə verirəm, içəri girib baxmırlar da”, - satıcının arxamızca söylədiyi sözlərlə geri qayıdırıq...

 

 

Google+ WhatsApp ok.ru