Jurnalistlərin “qara siyahı”sındakı mətbuat xidmətləri

Yaxud hansı dövlət qurumları mətbuatla daha yaxşı işləyir?

Son günlər informasiya təhlükəsizliyi məsələləri önə çıxan mövzulardandır. Xüsusilə də, hərbi və müdafiə sahəsindəki məlumatların yayılması zamanı hərbi və dövlət sirlərini təşkil edən informasiyalara diqqət edilməməsi problemə çevrilib. Dövlət rəsmiləri və əlaqədar qurumlar belə xəbərlərin onlarla dəqiqləşdirilmədən yayıldığına görə medianı, media isə aidiyyatı qurumların mətbuat xidmətlərini yaxşı işləməməkdə günahlandırır. Bəs əsl günahkar kimdir? Hansı dövlət qurumları jurnalistlərin sorğusuna cavab vermir? Hansı qurumların mətbuat xidməti yaxşı işləyir? Bu işə jurnalistlər nə deyir?
 
Jurnalist Ülviyyə Telmanqızı deyir ki, yaxından işlədiyi bir neçə dövlət qurumu var: "Səhiyyə nazirliyi də bu qurumlara daxildir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlidir. Çoxları ondan narazılıq edirlər ki, telefonu açmır, sualları cavablandırmır və s. Ancaq mən öz adıma demək istəyirəm ki, bu insan şəxsən mənim suallarımı həmişə cavablandırıb. Ondan başqa, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da yaxşı işləyir. Sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da yaxşı işləyən mətbuat xidməti rəhbərləri sırasındadır".
 
Ülviyyə Telmanqızı güc strukturlarının mətbuat xidmətinin işindən narazıdır. Deyir düzdür, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova ünvanladığı suallara cavab alıb, ümumilikdə isə suallar gec cavablandırılır: "Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli müəllim, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov günün yarısı işdə olmurlar. Ən azından suallara "işdə deyiləm, bilmirəm", - cavabı verirlər".
 
Ü.Telmanqızı onu da deyir ki, nəqliyyat naziri Ziya Məmmədovla danışmaq, mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla danışmaqdan asandır: "Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlini isə kinoda daha çox görürük, nəinki real həyatda. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin mətbuat xidmətlərinin isə olub-olmadığını artıq unutmuşam. Təhsil Nazirliyi isə yeni dəb salıb. Son vaxtlar telefonda heç bir sualı cavablamırlar. Ancaq rəsmi sorğu tələb edirlər. Buna da vaxtından gec cavab verirlər. Hələ bu azmış kimi, sorğunun cavabını öz səhifələrində xəbər kimi paylaşırlar. Mən baxana kimi apa.az təkzibini yayır". 
 
"Üç Nöqtə" qəzetinin əməkdaşı Xalid Kazımov özü üçün ən yaxşı çalışan mətbuat xidmətlərinin siyahısını müəyyənləşdirib. Onun bu siyahısına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu daxildir. Xalid Kazımovun bir də "tapılması müşkül olan mətbuat xidmətləri" adlı siyahısı var. Bura isə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli daxildir: "Hazırda Baş Dövlət Yol Polisi İdarəsini və Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verməyə hazırlaşıram. Çünki rəsmi informasiya sorğusuna yalnız "suallara cavab veriləcək" yazıblar, amma iki aydır cavab gəlmir". 
 
Müstəqil jurnalist Seymur Kazımovun əlaqə saxlaya bilmədiyi mətbuat xidmətləri isə bunlardır: Səhiyyə Nazirliyi, Nazirlər Kabineti, Müdafiə Nazirliyi və Nəqliyyat Nazirliyi. 
 
"Bizim Yol" qəzetinin əməkdaşı Rəşad Vaqifoğlu isə deyir ki, hüquq mühafizə orqanları sırasında suallara ən operativ və dolğun cavab verən qurum Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsidir: "Təəssüf ki, eyni sözü Ədliyyə Nazirliyinin mətbuat xidməti haqqında deyə bilmirəm. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi də hər zaman suallarımı cavablandırır. Milli Təhlükəsizlik Nazirliyi isə daim telefonlara cavab versə də, çox zaman təhlükəsizlik və ya istintaq sirri olduğunu əsas gətirib, suallara tam cavab vermir".    
 
Media Hüququ İnstitutunun (MHİ) 01 yanvar 2013 - 31 yanvar 2014-cü il tarixlərini əhatə edən "Azərbaycanda informasiya azadlığı" adlı hesabatı var. Hesabat yazılı və şifahi informasiya sorğularının icra durumunun, informasiya sahiblərinin onlayn şəffaflığının, informasiya əldə etmək hüququnun müdafiə mexanizmlərinin gücünün öyrənilməsini əhatə edir. Hesabata görə, yazılı sorğular vasitəsilə bilgi əldə etmək əvvəlki illərlə müqayisədə daha da çətinləşib. Bunu söyləməyə bilgi sahiblərinə göndərilmiş 105 informasiya sorğusunun icra vəziyyətinin monitorinqi əsas verir. Bilgi sorğuları Milli Məclisə, məhkəmələrə, icra hakimiyyəti qurumlarına, Mərkəzi Seçki Komissiyasına, Milli Teleradio Şurasına və s. göndərilib. İnformasiya sahiblərindən büdcə vəsaitlərinin həcmi, həmin vəsaitlərin xərclənməsi barədə sənədlər, iş əsasnamələri, iş hesabatları, göstərilən xidmətlərdən əldə olunan vəsaitlər, onların xərclənməsi haqqında sənədlər, həyata keçirilən, hazırlanmaqda olan layihələr haqda bilgilər, qanun layihələri təkliflərinin surətləri, teleradiotezlik resursları, alınan kreditlər, məhkəmə statistikası haqqında bilgilər, məhkəmə qərarları, maliyyə yoxlamalarına dair sənədlərin surətləri, neft və neft məhsulları, qaz satışı qiymətlərinə dair bilgilər istənilib. 
 
Bu bilgilər qısa zamanda, ən geci qanunvericiliyə uyğun olaraq 7 iş günü ərzində sorğu verənlərə təqdim edilməlidir. Hesabata görə, bilgi sahibləri 105 sorğunun 27-nə cavab veriblər. Cavabların heç biri qısa zamanda (3 iş günü ərzində) təqdim edilməyib. Cavablardan yalnız 3-ü 7 iş günü ərzində verilib. Həmin cavabların 2-də bilgi verilməsindən imtina edilib. 24 sorğuya 7 iş günü ötdükdən sonra cavab verilib. Həmin cavabların 6-sı tam olub. Beləliklə, 105 sorğunun yalnız 7-nə tam cavab verilib. Cavablardan yalnız 1-ində qanuvericiliyin zaman tələbinə əməl olunub. 
 
Şifahi sorğular vasitəsilə bilgilərə çatımın durumu da ürəkaçan deyil. Media Hüququ İnstitutu gündəlik kütləvi informasiya vasitələrində, habelə müstəqil çalışan 10 jurnalistin bilgi sahiblərinə ünvanladıqları hər 10 şifahi (telefonla) sorğuya verilən (orta hesabla) cavabları araşdırıb. Bilgi sahiblərinə şifahi (telefonla) sorğu ilə müraciət edən jurnalistlər onlardan qanunvericiliyə görə ən qısa zamanda açıqlanmalı olan, "hə" və ya "yox" ilə cavablandırıla bilən bilgiləri istəyiblər. Həmin bilgilərin sorğuçulara verilməsinə uzun zaman tələb olunmayıb. Orta hesabla bilgi sahibləri hər 10 şifahi sorğunun 5-nə dərhal cavab veriblər. Beləliklə, bilgi sahiblərinə ünvanlanan 100 şifahi sorğunun 50-nə cavab verilib. 
 
İnformasiya sahiblərinin onlayn şəffaflıq göstəriciləri ötən illə müqayisədə artsa da, ümumi mənzərədə ciddi dəyişiklik olduğunu söyləmək olmaz. Hesabata görə, dövlət qurumlarının əksəriyyəti onlarda olan açıq bilgilərin ən azı 60 faizini qapalı tuturlar. Sənəddə informasiya əldə etmək hüququnun effektiv müdafiə mexanizmlərinin hələ də formalaşmadığı vurğulanır. İnformasiya əldə etmək haqqı pozulanların 2 yolu var - onlar İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman Aparatı) və məhkəmələrə müraciət edə bilərlər. Media Hüququ İnstitutunun 2013-cü ildə monitorinq etdiyi 105 sorğu üzrə 49 bilgi sahibi sorğunu cavablandırmadığına görə məhkəməyə verilib. Məhkəmələrdən bilgi sahiblərinin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar çıxarılması, məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması xahiş edilib. Məhkəmələr 19 şikayəti qanuni əsas olmadan (rüsumun ödənilməməsi, məhkəmə aidiyyatı, iddia ərizələrinin forma və məzmun tələblərinə uyğunsuzluğu) icraata qəbul etməyib, qərardadla geri qaytarıb. Belə işlər üzrə yenidən məhkəməyə müraciət olunub. Məhkəmələr 41 işə mahiyyəti üzrə baxıblar. İcraata götürülən 41 iddia ərizəsinin 36-sı rədd olunub. 5 işdə məhkəmə zamanı tərəflər razılığa gəliblər. Məhkəmə qərarlarının heç biri informasiya əldə etmək hüququnu dəstəkləməyib.

Google+ WhatsApp ok.ru