Kəlbəcərli köçkündən bələdiyyə sədrinə şok ittiham

Yunis Abbasovun atasının ölümü ilə bağlı iddialarına icra nümayəndəsi nə cavab verdi? 

 

Kəlbəcər rayonundan məcburi köçkün Abbasov Yunis Musa oğlu məktubla müraciət edərək müvəqqəti məskunlaşdığı Gəncə şəhəri Hacıkənd qəsəbəsində yerli məmurların onun ailəsinə qarşı cinayət törətdiyi haqda məlumat verib. 1993-cü ildən ailəsi ilə Hacıkənd qəsəbəsində məskunlaşdığını bildirən Yunis Abbasov yazıb ki, 2008-ci ilədək birotaqlı köhnə tikilidə dözülməz şəraitdə yaşamağa məcbur olublar. 
 
2009-cu ildə prezident İlham Əliyevə məktub yazıb. Məhz bu məktubdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Eldar Əzizovun göstərişi ilə Hacıkənd qəsəbəsində ona torpaq sahəsi ayrılıb. Y.Abbasov bankdan kredit götürüb həmin torpaq sahəsində üçotaqlı fərdi yaşayış evi tikib. Məcburi köçkünün yazdığına görə, evin tikintisi zamanı heç bir dövlət orqanı və məmur tərəfindən ona problem yaradılmayıb. 5 ildən artıq müddətdə ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını qeyd edən Y.Abbasovun qara günləri 2015-ci il mayın 10-dan başlayıb: “2015-ci il mayın 10-da Hacıkənd qəsəbəsinin icra nümayəndəsi Hümbət Hüseynov, bələdiyyə sədri Kərim Hüseyonov, sahə müvəkkili Rəhim İbrahimov və iki polis nəfəri evimə gəldilər. Heç bir rəsmi sənəd və qərar göstərmədən evin sökülməli olduğunu bildirdilər. Səbəbini soruşdum, izah etmədilər. Dedilər ki, biz belə istəyirik. Zorla evə girdilər və evin dam örtüyünü, tavanını, qapı-pəncərələrini  söküb sındırdılar. Onların bu hərəkətlərini sübuta yetirən videogörüntülər var. Adını qeyd etdiyim adamların hücumu zamanı evimizdən banka ödəmək üçün hazırladığım pul və qızıl götürülüb. 
 
Evimizə basqın edib söküntü apararkən adını çəkdiyim şəxslərdən biri yaşlı atamı-Musa Abbasovu yumruqla vurdu. Bütün bunlar barədə Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana müraciət etmişəm. Şikayət etdiyimi eşidən icra nümayəndəsi Hümbət Hüseynov və bələdiyyə sədri Kərim Hüseynov oktyabrın 12-də polis nəfəri Kürdoğlu Həsənovla müvəqqəti yaşadığım evə gələrək yaşlı xəstə atamı yataqdan sürüyərək çölə çıxarıblar və yağışlı havada bir neçə saat üzü üstə saxlayıblar. Nəticədə atam Musa Abbasov elə oradaca dünyasını dəyişib. Mən bu barədə Baş Prokurorluğa, DİN-in 102 xidmətinə məlumat vermişəm. Hələ ki evimi sökən və atamı öldürən şəxslər barədə qanunun tələb etdiyi şəkildə tədbir görülməyib. Mən buradan hörmətli prezidentimiz İlham Əliyevə müraciət edirəm ki, vəzifəsindən sui-istifadə edib cinayətə yol vermiş həmin şəxslər barədə ciddi tədbir görülməsi üçün lazımi orqanlara göstəriş versin. Ümidim yalnız cənab prezidentədir”.
 
Yunis Abbasovun məktubunda əsas ittiham hədəfi olan icra nümayəndəsi Hümbət Hüseynovla əlaqə saxladıq. Hümbət Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Yunis Abbasovun yazdıqları yalandır: “Yunis Abbasov Kəlbəcərdən məcburi köçkündür. Hacıkənddə 600 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdı. Bu ailələrdən biri də Yunis Abbasovun ailəsi idi. Onların Hacıkənddə heç bir mülkü yox idi. Yaşadıqları binalar köhnə yararsız binalar idi. 600 ailə köçürüldü və turizmin inkişafı məqsədilə həmin binaların hamısı söküldü. Dövlət Qaçqınlar Komitəsi həmin 600 ailəni yeni inşa etdiyi qəsəbəyə köçürən zaman Yunis Abbasovun ailəsi də köçürüldü. Ona üç otaqlı, atasına bir otaqlı mənzil verilib. Camaat köçürülən vaxt onlar da yüklərini dövlətqaçqınkomun yük maşınına yığıb köçüblər yeni verilən evlərinə. Yunis Abbasov atasına verilən birotqalı evi satıb. Ev satıldıqdan sonra isə atası dünyasını dəyişib. Onun atasının ölümü ilə bizim heç bir əlaqəmiz yoxdur. Dedikləri, yazdıqları tamamilə yalandır. Yunis Abbasov Gəncə Şəhər İqtisad Məhkəməsinə müraciət etmişdi. Lakin araşdırma aparıldı və sübuta yetirildi ki, iddialar tam əsassızdır”. 

Google+ WhatsApp ok.ru