İki alan şagirdlərin sayı ictimaiyyətdən gizlədiləcək

İki alan şagirdlərin sayı ictimaiyyətdən gizlədiləcək

Dövlət başçısı Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq hüququnu əlindən alıb. Dövlət İmtahan Mərkəzi bir neçə aydır yaradılıb. Əvvəllər bu qurum «Tələbə Qəbulu üzrə Dövlət Komissiyası» adlanırdı. Qurumun apardığı nəticələr prezidentə, Təhsil Nazirliyinə təqdim edilirdi. Amma, eyni zamanda, ictimaiyyətə də açıq olurdu. Orta məktəb məzunlarının göstəriciləri zaman-zaman sərt tənqid edilirdi. Bu təhlillər Təhsil Nazirliyi ilə qurum arasında mübahisələrə səbəb olur, birinci ikincinin açıqladığı nəticələri qəbul etmirdi.
 
«Dövlət İmtahan Mərkəzindən bu səlahiyyətin alınması yanlış addımdır». Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub “Azadlıq”radiosuna belə deyib.
Onun fikrincə, hakimiyyət bu yolla təhsildəki nöqsanları ört-basdır etməyə çalışır: «Qurumun apardığı araşdırmaların səviyyəsi və ya obyektivliyinin dərəcəsi ilə bağlı bəlkə də mübahisə aparmaq olardı. Amma hesab edirəm ki, bu, çox gərəkli araşdırma idi. Azərbaycan təhsilinin hansı durumda olduğunu konkret rəqəmlərlə ortaya qoyurdu. Bunu ört-basdır etməkdən ötrü həmin səlahiyyəti Mərkəzdən aldılar. Bu, bir daha onun sübutudur ki, Azərbaycan hakimiyyəti heç bir halda tənqidi sevmir, qüsurları ört-basdır edərək hər şeyin ideal olduğunu göstərməyə çalışır».
 
Keçmiş təhsil naziri Firudin Cəlilov bu qərarı normal sayır. Onun qənaətincə, bu təhlilləri Təhsil Nazirliyi aparmalıdır: «Keçmiş TQDK, indiki Dövlət İmtahan Mərkəzi sifariş qəbul edir, texniki iş görür, amma nazirliyin zəifliyindən istifadə edərək onun funksiyalarını mənimsəmişdi. O təhlili DİM yox, Təhsil Nazirliyi özü aparmalıdır. Əskiklikləri üzə çıxarmaq, onları düzəltmək birbaşa nazirliyin vəzifəsidir». Bu yerdə bir sual yaranır: Təhsil Nazirliyi tabeliyindəki məktəblərin göstəriciləri ilə bağlı nə qədər obyektiv araşdırma, təhlil aparacaq? Firudin Cəlilov cavab verir: «Bu, artıq başqa məsələdir».
 
Vurğun Əyyub Firudin Cəlilovla razı deyil, qəbulun nəticələri ilə bağlı təhlilləri nazirliyin aparmasını doğru saymır: «Həmin təhlillər obyektiv ola bilməz və heç kim də onun obyektivliyinə inana bilməz. Bu haqda danışan adamların çoxu unudub ki, bir dövlət orqanının digəri üzərində mütləq nəzarəti olmalıdır. Bir qurum öz işini qiymətləndirməməlidir». Vurğun Əyyub deyir ki, araşdırmaların nəticələri iki dövlət qurumu arasında intriqa və ya konflikt yarada bilərdi: «Amma təhsilin inkişafını istəyən dövlət qurumları bu iradlardan nəticə çıxarmalı idi, mənəm-mənəmlik və ya səlahiyyət davası aparmamalı idi». Prezidentin son addımı sosial şəbəkələrdə də geniş müzakirə edilməkdədir. Təhsil üzrə araşdırmalar müəllifi Rövşən Ağayev “Facebook”da yazır: «Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq hüququ ləğv edilib. Məlumat üçün deyim ki, məhz bu təhlillər əsasında hazırlanan və ictimailəşdirilən buraxılışlar vasitəsilə ölkə təhsilinin durumunu pis-yaxşı izləmək olurdu. Yeganə informasiya mənbəyi idi. Bizim hökumətin ənənəvi yanaşmasıdır bu - problemi həll etmək çətindirsə, onu gizlətmək, lazım gəlsə, kökündən danmaq ən yaxşı çıxış yoludur...».
 

Google+ WhatsApp ok.ru