Komitə sədri ilə birinci müavin arasında dava

Kərəm Həsənov Cəlilabadın icra başçısının birinci müavini Asif Əzizovu işdən çıxartdırıb

Cəlalabad Rayon Icra Hakimiyyətinin başçısı Əziz Əzizovun birinci müavini Asif Əzizov tutduğu vəzifədən azad edilib. Cəlilabaddakı mənbələrdən “Azadlıq”a daxil olan məlumata görə, Asif Əzizovun işdən çıxarılmasının səbəbi onunla əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov arasında davadır.
 
Məlumatda deyilir ki, ölkə başçısı Ilham Əliyevin Cəlilabada səfərindən 2 gün əvvəl Kərəm Həsənov bu rayonun qeyri-rəsmi kuratoru kimi ora gedib. Komitə sədri görülən işlərlə tanış olarkən Asif Əzizovun fəaliyyətindən narazılığını ifadə edib. O, birinci müavinin üzərinə düşən öhdəsindən gələ bilmədiyini bildirib. Eyni zamandı Asif Əzizovun ünvanına sərt ifadələr işlədib. Birinci müavin isə idarəçilikdə yeni olmadığını, işinin öhdəsindən gəldiyini Kərəm Həsənovun diqqətinə çatdırıb. Komitə sədri bundan sonra daha da hiddətlənib və Asif Əzizovu təhqir edib.
 
Birinci müavin də Kərəm Həsənovu cavabsız qoymayıb. Mübahisə əlbəyaxa səviyyəsinə çıxıb. Lakin həmin vaxt orada olanlar komitə sədri ilə birinci müavini ayırmağa müvvəfəq ola biliblər. Kərəm Həsənov Asif Əzizova işdən çıxarılacağını və bütün bunlara görə cavab verəcəyini deyərək birinci müavini hədələyib.
 
Moderator.az saytı isə yazıb ki, Asif Əzizov icra başçısı Əziz Əzizovla dalaşdığına görə işdən çıxarılıb.

Google+ WhatsApp ok.ru