Kredit götürərkən ünvanlı sosial yardımın kəsilməsi düzgün deyil - Qənirə Paşayeva

"Ünvanlı sosial yardım dövlətin ən yaxşı layihələrindən biridir. Bu yardımı almaq üçün ailələr müəyyənləşdirilir və onlara köməklik göstərilir. Ancaq həmin ailələrdə hansısa bir problem ortaya çıxanda kiçik kredit götürərkən ünvanlı sosial yardım kəsilir". İnterAz-ınməlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
 
O qeyd edib ki, yardıma ehtiyacı olan ailə kredit götürərkən borclandığı halda ünvanlı sosial yardımın kəsilməsi düzgün deyil: "Axı ailə bununla varlanmır. Borclanan ailəyə daha çox yardım göstərmək lazımdır. Belə ailənin övladı hər-hansı universitetə ödənişli əsaslarla qəbul olunarkən də onların yardımı kəsilir. Bu isə həmin ailələrin övladlarının təhsildən uzaqlaşmasına gətirib çıxarır".
 
Millət vəkili təklif edib ki, ünvanlı sosial yardım alan ailə kiçik kredit götürəndə və ya övladı ödənişli əsaslarla universitetə qəbul olanda onlara edilən yadım kəsilməsin.
 
O, təhsil kreditlərinin öz həllini tapmasının vacibliyini vurğulayıb, 10 il övladı olmayan ailələrə bir dəfə dövlət yardımı göstərilməsinin daha tez zamanda həyata keçirilməsini təklif edib.
 
Millət vəkili ictimai yerlərdə siqaret çəkilməsinin də həllini tapmadığını, 18 yaşdan aşağı uşaqların rahatlıqla siqaret aldığını qeyd edib.

Google+ WhatsApp ok.ru