Lənkəranda heyvanların dırnağı çürüyür

Lənkəranda heyvanların dırnağı çürüyür

Lənkəranın Digah kəndində şəxsi təsərrüfatların birində xırdabuynuzlu heyvanlar arasında xəstəlik yayılıb. Məlumatlara görə, heyvanlar naməlum xəstəlikdən tələf olur.
 
Təsərrüfat sahibi Dilbər Qasımova bildirib ki, onun təsərrüfatında 150-yə qədər qoyunu olub. Əksəriyyəti bu xəstəlikdən sonra tələf olub. Qasımovların təsərrüfatında xırdabuynuzlu heyvanlar arasında yayılan yoluxucu xəstəlik nəticəsində heyvanların dırnaqları uzanır, soyulur və çürüyür. Daha sonra heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olurlar.
 
Sputnik Azərbaycan-ın əməkdaşı Lənkəranda xırdabuynuzlu heyvanlar arasında yayılan xəstəliyin səbəbini araşdırıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Lənkəranın Digah kəndində xırdabuynuzlu heyvanlar arasında yayılan xəstəlik dırnaq çürüməsidir: "Bu xəstəlik heyvanların baxımsız şəraitdə saxlanması nəticəsində yaranır. Natəmizlik nəticəsində, fermerin heyvanların saxlanmasına nəzarət etməməsi səbəbindən heyvanlarda dırnaq çürüməsi başlayır. Bu xəstəliyin müalicəsi üçün dərman preparatları dövlət vəsaiti hesabına verilmir. Fermerlər şəxsi təsərrüfatlarında bu xəstəlik baş verdikdə mübarizəni öz şəxsi vəsaitləri hesabına aparmalıdırlar. Bu, yoluxucu xəstəlik deyil. Çox asanlıqla müalicə olunur".
 
V.Hüseynov bildirib ki, fermer qarşılaşdığı problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Baytarlıq Xidmətinə müraciət etməyib. Buna rəğmən Aqrar Xidmətlər Agentliyi tərəfindən göstəriş verilib ki, fermerin təsərrüfatında mexaniki təmizlənmə və dezinfeksiya işləri aparılsın.

Google+ WhatsApp ok.ru