İlahiyyatçının həbsi ilə bağlı hər hansı açıqlama verilmir

Ötən həftə həbs olunan ilahiyyatçı Elşən Mustafaoğlu ilə bağlı MTN, ilahiyyatçının ailəsi, vəkili və Şeyx susur, bir qrup ilahiyyatçı Şeyxə müraciət edərək, ondan kömək istəyib

Musavat.com yazır ki, qəzetimizin ötən sayında tanınmış ilahiyyatçı Elşən Mustafaoğlunun həbsi ilə bağlı məlumat vermişdik. Məlumatda qeyd olunur ki, ötən həftə MTN-də 3 gün saxlanılan ilahiyyatçının barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Hələlik ilahiyyatçının hansı maddə ilə ittiham olunduğu rəsmi məlum deyil. Həftənin ilk iş günündə E.Mustafaoğlunun həbsi ilə bağlı rəsmi məlumatın yayılacağı gözlənilsə də, dünən hər hansı açıqlama olmadı.
Qeyd edək ki, Elşən Mustafaoğlu ictimaiyyətdə kifayət qədər tanınmış, nüfuzlu ilahiyyatçı olub, Elmlər Akademiyasında çalışıb və uzun müddət İTV və ANS telekanallarında veriliş aparıcısı olub. Son iki ildə Norveçdə elmi araşdırmalarda çalışan E.Mustafaoğlu ilin əvvəlində ölkəyə qayıdıb. Bir neçə aydır ki, QMİ-də işə götürülən Elşən Mustafaoğlunun qəflətən həbs olunması və gələn məlumatlara görə, barəsində ağır maddə hesab olunan Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunaraq barəsində həbs-qətimkan tədbirinin seçilməsi müəmmalara səbəb olub.
Ötən gün E.Mustafaoğlunun saxlanılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Əldə etdiyimiz məlumata görə, ötən həftənin əvvəllərində Elşən Mustafaoğlu MTN-ə dəvət olunub. Lakin ilahiyyatçı dindirilmədə saxlanılıb və 3 gündən sonra onu Səbayel Məhkəməsinə çıxararaq barəsində ittiham elan ediblər. E.Mustafaoğlunun vəkili olmayıb, prosesdə onu dövlət orqanlarının təyin etdiyi Könül adlı vəkil müdafiə edib. Ötən gün vəkillə danışmağa çalışsaq da, bu mümkün olmadı. Bildirildi ki, vəkil E.Mustafaoğlunun yaxınlarına hazırda işlə tanış olduğunu və əlavə heç nə deyə bilməyəcəyini bildirib. Eyni zamanda ailəsi mətbuatda Elşən Mustafaoğlu haqda yazılardan narahat olduğunu bildirir və onun həbsinin hansısa anlaşılmazlıqlar üzündən baş verdiyini, yaxın günlərdə azad ediləcəyinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, E.Mustafaoğlu son bir neçə ay ərzində QMİ-də işləyib və bu səbəbdən də dini idarənin öz əməkdaşının həbsinə münasibət bildirəcəyi gözlənilsə də, dünən bu da baş vermədi. İdarənin mətbuat katibi Rəhimə Dadaşova əvvəlcə tədbirdə olduğunu və çıxdıqdan sonra əlaqə saxlayacağını bildirsə də, sonradan telefonlarını söndürdüyü üçün onunla ümumiyyətlə, əlaqə saxlamaq mümkün olmadı. Görünür ki, Şeyx MTN-in rəsmi bəyanatı elan olunmamışdan əvvəl hadisəyə münasibət bildirmək istəmir.
Qeyd edək ki, ötən gün İranın Qum şəhərində təhsil alan bir qrup tələbə QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib. Müraciətdə ilahiyyatçı tələbələrin Elşən Mustafaoğlunun həbsindən narahat olduğu və QMİ sədrindən onun azadlığa çıxmasına yardım etməsi xahiş olunur.
“Cənab Allahşükür Paşazadə! Biz, Elm hövzəsinin bir qrup tələbələri ictimai xadim, ilahiyyatçı-alim, fəlsəfə elmləri doktoru Elşən Mustafaoğlunun barəsində yayılan naməlum xəbərlərə görə dərin narahatlıq hissi keçiririk. Xatırladırıq ki, dr. Elşən Mustafaoğlunun bütün ictimai fəaliyyəti uzun illərdir xalqımızın gözü önündədir. Mənəviyyat adamı olan Elşən Mustafaoğlunun xalqımızın İslam əxlaqına və milli dəyərlərə yiyələnməsində, ölkədə dini zəmində sabitliyin yaranmasında və qorunmasında əməyi danılmazdır. Xalqına, millətinə olan dərin sevgisi və məhəbbəti onun uzun illərdən bəri işıq üzü görən məqalələrində, çıxışlarında və dərc olunan kitablarında açıq şəkildə öz əksini tapır. Nəinki ölkəmizdə, hətta ölkəmizdən kənarda da böyük hörmətə malik olan dr. Elşən Mustafaoğlu bu etibar və məhəbbəti öz səmimiyyəti və dərin zəkası hesabına əldə etmişdir. Bu və digər müsbət keyfiyyətləri ardı-arası kəsilmədən sadalamaq olar. Sonda, Sizdən xahiş edirik ki, Elşən Mustafaoğlunun sərbəst buraxılmasına yardım edəsiniz. Uca Allahdan bu işdə Sizə uğurlar arzu edirik!” musavat /

 

Google+ WhatsApp ok.ru