Leyla və Arif Yunusların işi məhkəməyə göndərilir

Onların cinayət işindən dövlətə xəyanət maddəsinin ayrılması ümidləri artırıb; Rauf Mirqədirovun isə istintaqında dəyişiklik yoxdur
 
Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində başlanan bir neçə maddə üzrə cinayət işindən dövlətə xəyanət maddəsi ayrıca icraata götürülüb. Bu barədə mətbuata açıqlamasında Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.
 
Vəkil qeyd edib ki, digər maddələr üzrə artıq istintaq işi yekunlaşıb, yaxın günlərdə məhkəməyə göndəriləcək. Elçin Qəmbərov dövlətə xəyanət maddəsi üzrə istintaqın dayandırılması ehtimallarının olduğunu da bildirib: “Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq. Vətənə xəyanət maddəsi bu işdən kənarlaşdırılıb. Bu maddə üzrə istintaq dayandırıla da bilər, ayrıca davam etdirilə də bilər. Bu qərarı artıq istintaq orqanları verəcək”.
Yunusların işindən dövlətə xəyanət maddəsinin ayrılmasını yüngülləşdirici hal, Azərbaycan hakimiyyətinin yumşalması kimi qələmə verənlər var. 
 
Qeyd edək ki, dövlətə xəyanət maddəsi irəli sürülən məhbuslardan biri də “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovdur. Məhbus jurnalistə qarşı bu ağır maddə üzrə atılacaq addımlar maraq doğurur.
 
R.Mirqədirovun vəkili Elmar Süleymanov dövlətə xəyanət maddəsi üzrə istintaq prosesinin davam etdirildiyini söylədi: “Yanaşma bir az qüsurludur. Çünki Yunuslar barəsində dövlətə xəyanətdən əlavə, bir neçə iqtisadi maddələr var. Yalnız o maddə ayrıca icraata götürülüb, digərləri üzrə iş məhkəməyə göndəriləcək. Amma Rauf bəyə və Yunuslara qarşı irəli sürülən dövlətə xəyanət maddəsi üzrə hələ istintaq aparılır. Baza olaraq, bu maddələrdə heç bir dəyişiklik yoxdur. Rauf bəyə gəlincə isə bildirim ki, onda yalnız bir maddə var. İqtisadi cinayət maddələri irəli sürülməyib. İstintaqında hər hansı bir yenilik yoxdur”.
Vəkil dövlətə xəyanət maddəsi üzrə istintaqın dayandırılmasının qeyri-mümkün olduğunu söylədi: “Bu ittiham üzrə hazırda həbsdə olan məhbuslar barəsində istintaq dayandırıla bilməz. İşə ya xitam verilir, ya da məhkəməyə göndərilir. Burada müsbət heç bir amil yoxdur. İrəli sürülən ağır maddələrin hamısı cinayət işində qalıb. Sadəcə, maddələrin bəziləri üzrə istintaqı başa çatdırıb, məhkəməyə göndərirlər, digər maddə üzrə isə istintaq hələ davam edir. Burada yüngülləşdirici nə hal ola bilər? A və B-nin yerini dəyişməklə, nəticə olduğu kimi qalır. Əslində bu maddələrin hamısının eyni vaxtda istintaqı bitməli və məhkəməyə göndərilməli idi. Amma bunlar tamam ayırıblar. Nəticə etibarı ilə heç nə dəyişmir. Hər hansı bir müsbət işdən söhbət gedə bilməz. Bunları hakimiyyətin yumşalması kimi qələmə vermək çox çətindir. Çünki biz hələ qərarı almamışıq. Hansı əsaslarla belə addım atmalarını bilmirik. Əsasları bizə məlum olsa, fikir söyləyə bilərəm”.
 
Vəkil dövlətə xəyanət maddəsinin digər maddələrə tövsif olunmasının mümkünlüyündən də söz açdı: “274-cü maddə çox ağır bir maddədir. Biz həmişə demişik ki, Rauf Mirqədirovun dövlətə xəyanət etməsi sübuta yetirilməyib. Belə bir şey ümumiyyətlə yoxdur. İstintaq da bu qənaətə gəlsə, maddə üzrə xitam verə bilər. Bu, normal bir şeydir. Başqa bir maddə ilə əvəzləmək mümkündür. İstintaq müəyyən edir ki, təqsirləndirilən şəxsin günahı var, ya yoxdur. Təqsiri məlum olanda, o zaman məhkəməyə göndərilir. Təqsir sübut olunmayanda isə işə xitam verilir. Əgər başqa cinayət əməli yoxdusa, həmin şəxs azadlığa buraxılır”.  musavat  /

Google+ WhatsApp ok.ru