Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə ilkin baxış keçirilib

Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəməni çoxsaylı xarici diplomatik missiyaların nümayəndələri izləyib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 13-də Leyla Yunusa 8,5 il, Arif Yunusa 7 il həbs kəsib. Leyla və Arif Yunus 2014-cü ilin iyulunda həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
 
Yunuslar ittihamları qəbul etmir və siyasi sifariş adlandırır. Leyla və Arif Yunus Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.
 
Ötən gün keçirilən iclasda Leyla və Arif Yunus məhkəmə zalında şüşə kabinədə (akvarium) oturdulub. Zalda 15-dən 20-dək məhkəmə nəzarətçisi var. 
 
Yunusların hər ikisinin sifətlərində ağrılardan əziyyət çəkdikləri açıq hiss edilir. Arif Yunus əllərini başının arxa hissəsinə sıxaraq ağrıdan gözlərini yumur. Hakimin “məhkəmə heyətinə etirazınız varmı?” – sualına Arif Yunus, - “Mən özümü pis hiss edirəm. Məhkəmədə nədən danışıldılğını belə bilmirəm”, cavabını verib.
 
Leyla Yunus məhkəmə zalına əlindəki çəliyə dirənərək gətirilir, gözlərində qızartı var. O, zalda oturanlara müraciət edərək bildirir ki, telefon danışıqlarına və görüşlərinə qadağa qoyulub, səhhəti pisdir.   
 
“Səhiyyə Nazirliyinin əməkdaşı İftixar Qurbanov və Ədliyyə Nazirliyinin əməkdaşı Murad Məmmədov mənim görüşlərimə və telefon danışıqlarıma qadağa qoyub. Məni bu vəziyyətə gətiriblər”, deyə o qeyd edib.  
 
Məhkəmə heyəti təqdim edilən zaman Leyla Yunus zərərçəkmişin nümayəndəsi kimi tanınan Şöhrət Allahmanova etiraz edib. “Bu işdə zərəçəkən yoxdur. Rəna Səfərəliyeva və digərləri məhkəmədə zərər çəkmədiklərini bildirib. Zərərçəkmiş yoxdursa, onun nümayəndəsi burada olmamalıdır”, deyə Leyla Yunus sədrlik edənə bildirib.
 
Bu zaman hakim vəsatəti baxılmamış saxlayıb və növbəti iclasda bununla bağlı yazılı vəsatət verilməsinin lazımlığını diqqətə çatdırıb. /
 
Leyla və Arif Yunuslar rus dilində tərcüməçi ilə təmin olunub. Yunuslara məhkəmə sənədlərinin rus dilinə tərcümə olunmuş variantı bu gün təqdim olundub. Hakim Yunusların sənədlərlə tanış olması üçün məhkəmənin ilkin baxış iclasını oktyabrın 15-i saat 15-dək təxirə salıb

Google+ WhatsApp ok.ru