Leyla və Arif Yunusların apellyasiya məhkəməsi başlayıb - VIDEO

Leyla Yunusun boynunda işgəncə izləri görünürdü

 
Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun hökmündən verilmiş şikayətlə bağlı ilkin məhkəmənin hazırlıq iclası keçirilib. Proses hakim İlqar Məmmədovun sədrliyi ilə başlayıb. 
 
Bu barədə musavat.com-a Arif Yunusun vəkili Ramiz Məmmədov məlumat verib: “Məhkəmənin hazırlıq iclası başa çatdı. Noyabrın 12-də saat 14:00-da prosesin davam etdiriləcəyi barədə qərar qəbul edildi. Müdafiə tərəfi olaraq, məhkəmə iclasından razı qalmadıq. Vəsatətlərimiz təmin olunmadı. Sadəcə vəsatətlərimizi dinlədilər, müzakirəsini belə, aparmadılar. Leyla Yunus və Arif Yunusun səhhəti qənaətbəxş deyil. Arif Yunus müalicə müəssisəsinə yerləşdirilib. Orada müalicə alır. Leyla Yunusun da səhhəti acınacaqlı vəziyyətdədir. Almaniyadan gələn həkim onun bir ay, 40 gün müalicə alması ilə bağlı buradakı həkimlərin qarşısında tələb qoyub. Bu, avqustun 14-də olub. Həmin vaxt Leyla Yunusu müalicə müəssisəsinə yerləşdiriblər. Alman həkimi gedəndən sonra dərhal avqustun 19-da onu müalicə müəssisəsindən çıxarıblar. Alman həkim özü ilə konkret dərmanlar gətirmişdi. O, gedəndən sonra həmin dərmanlar verilmir, Leyla xanım müalicə də olunmur. Mətbuatda da xəbər getdi ki, Leyla Yunus əl ağacı ilə gəzir. Bu həkimlərin göstərişi ilə olmuşdu. Leyla xanımın hazırda əl ağacını əlindən alıblar. İndi əl ağacı olmadan gəzir. Bu münasibəti anlaya bilmirik. Normal rəftardan da söhbət gedə bilməz. Onunla bağlı vəziyyətdən çox narahatıq”.
 
Qeyd edək ki, Leyla və Arif Yunuslar ötən ilin iyul-avqust aylarında həbs olunublar. Onlar qanunsuz sahibkarlıq, vergidənyayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə, ayrıca icraata götürülüb. Bu ittihama baxılmadan L.Yunus 8 il yarım, A.Yunus isə 7 il müddətində azadlıqdan məhrum ediliblər.  /

Google+ WhatsApp ok.ru