Leyla Yunus almaniyalı həkimlər tərəfindən müayinə olunub

Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun səhhətində yaranan problemlər barədə xəbər vermişdik. Aylar öncədən yayılan xəbərlərdə hətta hüquq müdafiəçisinin Yeni İlə qədər sağ qalmayacağı da qeyd olunurdu.
 
Bütün bunlar cəmiyyət tərəfindən ciddi narahatlıqla qarşılanırdı. Leyla Yunus təcridxanada öz vəsiyyətini belə, etmişdi. O, ölümündən sonra anasının yanında dəfn olunmasını istəmişdi.
 
Belə xəbərləri əsasən, hüquq müdafiəçisinin vəkilləri və Leyla Yunusun ehtiyacı olan əşyaları aparmaq səlahiyyətlərinə sahib psixoloq Azad İsazadə öz açıqlamalarında cəmiyyətə çatdırırdılar. L.Yunusun xaricdə yaşayan qızı Dinara Yunus da anasının səhhətindən narahat olduğunu və onun hər an həyatını itirə biləcəyini qeyd edirdi.
 
Bütün bunları nəzərə alaraq, SDİ rəhbərinin son durumu ilə maraqlandıq. Onun üçün təcridxanaya sovqat aparmaq səlahiyyətində olan psixoloq Azad İsazadə dekabrın 29-da xaricdən gələn həkimlər tərəfindən Leyla Yunusun müayinə olunduğunu bildirdi: “Dekabrın 29-da Almaniyadan həkimlər gəlmişdi. Məncə, onlar Avropa İttifaqının dəvəti ilə gəlmişdilər. Bizdə olan məlumata görə, onlar Azərbaycan həkimləri ilə birlikdə Respublika Diaqnostika Mərkəzində Leyla Yunusun tam müayinəsini ediblər. Onların sözlərinə görə, tam müayinə ilə yanaşı, qan analizi də götürülüb. Həkimlər analizləri Almaniyada laboratoriyada müayinədən keçirmək üçün özü ilə götürüblər. Ondan sonra hələ cavab yoxdur. Amma özü danışıq zaman bildirir ki, səhhəti əvvəlki kimidir. Yəni o, özünü yaxşı hiss eləmir. Həbsxanada qaldığı hər gün isə onun sağlamlığını təhlükəli hala gətirir”.
 
Leyla Yunusun vəkili Elçin Qəmbərov yanvarın 9-da onunla görüşəcəyini və bundan sonra hər hansı bir açıqlama verə biləcəyini bildirdi.
 
Qeyd edək ki, Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı Arif Yunus da həbsdədir. O, avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.
 
Leyla Yunus Bakı İstintaq Təcridxanasında, Arif Yunus isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. musavat /

 

Google+ WhatsApp ok.ru