Leyla Yunus kameraya qaytarılıb

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus 6 gün Bakı İstintaq Təcridxanasının sanitariya hissəsində qaldıqdan sonra avqustun 19-da yenidən adi kameraya köçürülüb.
 
Bu barədə Turan-a vəkil Elçin Qəmbərov bildirib.
 
Onun sözlərinə görə, Leyla Yunusa bildiriblər ki, artıq o, “sağlamdır”.
 
Amma vəkil deyir ki, hüquq müdafiəçisi sanitariya hissəsində olduğu müddət ərzində səhhətində heç bir irəliləyiş olmayıb.
 
Vəkil onun səmərəli və uzunmüddətli müalicəyə ehtiyacı olduğunu deyir.
 
Xatırladaq ki, Leyla Yunus alman həkim, professor Cristian Vittin müayinəsindən sonra sanitar hissəyə keçirilmişdi.
 
O, hepatit C, şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkir.
 
Leyla və Arif Yunus ötən il həbs olunublar.
 
Bakı Ağır Cinayətlər məhkəməsi bu il avqustun 13-də iqtisadi ittihamlarla Leyla Yunusu 8 il yarım, Arif Yunusi isə 7 il azadlıqdan məhrum edib.
 
Onlar ittihamları rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər.
 
ABŞ, Böyük Britaniya, Avropa Birliyi və digər beynəlxalq qurumlar onların həbsini pisləyib. /

Google+ WhatsApp ok.ru