Leyla Yunusun Fransa prezidenti Ollanda məktubu

Fransa mətbuatı Leyla Yunusun prezident Ollanda məktubunu dərc edib. Məktubu kiçik ixtisarla dərc edirik.

Fransa prezidenti Fransua Ollanda

Çox hörmətli, cənab prezident. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi 20 ildən artıqdır ki, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına səy göstərir. İndi də siz yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edirsiniz. Sizin Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olmaq istəyinizə bir an belə şübhə etmirən. Lakin İlham Əliyevin səmimiyyətinə, onun sülhə can atmasına nə dərəcədə inanmaq olar? 

O, Azərbaycanda xalq diplomatiyasının aparıcı fəallarını həbsə atdırıb. Bizim Sülh və Demokratiya İnstitutu təsis edildiyi vaxtdan - 1995-ci ildən xalq diplomatiyası, sülhə nail olunması sahəsinə fəaliyyət göstərir. 2012-ci ildə biz birgə unikal Azərbaycan-Ermənistan saytını yaratdıq. Burada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, münaqişə şəraitində anadan olan tələbə və gənclər arasında açıq dialoq aparılırdı.

Bu il aprelin 19-da tanınmış jurnalist, xalq diplomatiyasının fəalı Rauf Mirqədirov Ermənistann xeyrinə casusluqda ittiham olunaraq həbs edilib. İyulun 30-da məni, avqustun 5-də isə həyat yoldaşım Arifi həbs ediblər. Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdar olanların hamısı Ermənistanın xeyrinə casusluqda ittiham edilir.

Mənə işgəncələr verilir...

Bu il mayın 12-də sizin Bakıya səfəriniz zamanı Fransa səfirliyində sizi görmək imkanı qazandım. Mən sadəlövhcəsinə güman edirdim ki, qərbin demokratik ölkələrinin liderləri Azərbaycanda genişlənən repressiya dalğasının qarşısını almaq üçün səy göstərəcəklər.

Həbs olunduqdan sonra avqustun əvvəlində sizə məktub göndərdim. Məktubda Azərbaycanda geniş vüsət alan amansız repressiyaya diqqət yetirməniz xahiş olunurdu.

Mənə məlumdur ki, məktub ünvana yetişib.

Bilmirəm, sağlam düşüncə və ayıq yaddaşla qala bilməyimə səhhətim nə qədər imkan verəcək. Çünki həbsxanada məni məhv etmək üçün mümkün olan hər seyi edirlər. Ancaq ümid edirəm ki, məktubu dinləyəcəklər.

Avropa İttifaqının və Avropa Şurasının dəstəklədiyi avtoritar rejim təkcə Azərbaycan xalqının, bizim ölkənin gələcəyini deyil, həm də bütün Cənubi Qafqazda dinc inkişafı məhv edir. Bu gün 120 vicdan məhbusu həbsdədir, onlar hər cür işgəncələrə məruz qalırlar.

Cənab Olland, görüş zamanı prezident İlham Əliyevin əlini sıxarkən insan haqları uğrunda mübarizə aparan yüzlərlə insanın qanını və göz yaşlarını, o cümlədən mənim ailəmin göz yaşlarını xatırlayın.

Hörmətlə Fransa Fəxri Legion ordeni kavaleri Leyla Yunus

16 sentyabr, 2014-cü il /
contact.az /

Google+ WhatsApp ok.ru