Leyla Yunusun və İntiqam Əliyevin həbs müddəti 3 ay uzadıldı(Yenilənib)

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və vəkil İntiqam Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
 
Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, hər iki şəxslə bağlı ayrı-ayrılıqda məhkəmə prosesi keçirilib və təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri onların ev dustaqlığına buraxılmaları barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
 
Vəkil Cavad Cavadov proses zamanı İ. Əliyevin səhhətinin pisləşdiyini və xüsusi maşınla İstintaq təcridxanasına aparıldığını da bildirib.
 
Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci , İ. Əliyev isə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir.

***

Oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsində məhbus hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması məsələsinə baxılıb.
“Media forum” saytına danışan vəkil Əlayif Həsənov deyib ki, məhkəmə Leyla Yunusun həbs müddətinin 4 ay müddətinə uzadılması haqda qərar çıxarıb.
Vəkil Əlayif Həsənov Bakı İstintaq Təcridxanasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb. “Səhhəti və əhvalı elə də pis deyil. Leyla xanım bu həftə Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaq hərəkətlərində iştirak edib və Bakı İstintaq Təcridxanasına qaytarılıb. Təcridxanaya qaytarıldıqdan sonra rəhbərlik onu qəbul edib, problemlərini dinləyib”.
Xatırladaq ki, Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Onu da qeyd edək ki, Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır. /

Google+ WhatsApp ok.ru