Ölkə üzrə tolerantlıqla bağlı silsilə tədbirlərinə start verilib (FOTO)

İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İKGF ARM) Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə ölkə üzrə silsilə seminar-treninqlərə başlayıb. "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan" müasir çağırışlar və tolerantlıq mövzusundakı seminar-treninqlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə həyata keçirilir.
 
Dini Komitədən Maide.az-a verilən məlumata görə, seminar-treninqlərdən birincisi avqustun 15-də Quba şəhərində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib. Tədbirdə DQİDK-nın, İKGF-nin, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib.  
 
Tədbirin açılışında çıxış edən İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru  (İKGF ARM) Elçin Əsgərov tolerantlıq anlayışı haqqında məlumat verib. O, qeyd edib ki, Azərbaycanda digər dinlərin nümayəndələri az olsa da, hər halda var. Azərbaycanda uzun illərdir dinlərin, məzhəblərin dinc yanaşı yaşaması digər dövlətlərə də bir nümunədir. Onun fikrincə, cəmiyyətlərdə dincliyin, sabitliyin yaranmasının əsas səbəblərində biri də dözümlüyə riayət etməkdir.  
Düzgün dini maarifləndirmə işlərinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən DQİDK-nın Dinşünaslıq eskpertizası, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov isə bildirib ki, cəmiyyətdə istənilən dini dünyagörüşə hörmətlə yanaşılmalıdır. Lakin əgər kimsə antihumanist hərəkat olarsa, hamı ona qarşı birləşməlidir.
 
Tədbirin açılışında “Azərbaycan - tolerantlıq məkanı” adlı video çarx nümayiş olunub.
Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev deyib ki, silsilə treninqlərin avqust-sentyabr ayları ərzində Şamaxı (Qobustan, Şamaxı, İsmayıllı), Göyçay (Ağsu, Göyçay, Ağdaş), Oğuz, (Qəbələ, Oğuz, Şəki), Zaqatala (Zaqatala, Qax, Balakən), Cəlilabad (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran) rayonlarında, həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilməsi planlaşdırılır.
 
Bundan əlavə, Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində ilin sonunadək konfransın, ölkənin müxtəlif dinlərə məxsus dini icmalarının tərəfdaşlığı ilə müştərək layihələrin və digər tədbirlərin keçirilməsi, eləcə də xarici mütəxəssislər tərəfindən Azərbaycanın milli tolerantliq ənənələrini araşdiracaq tədqiqat işlərinin tamamlanması və təqdimatı da nəzərdə tutulur.
 
Daha sonra Bakıdan dəvət olunmuş ilahiyyatçı ekspertlərin milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində etdiyi maraqlı məruzələri dinlənilib. Tədbirin yekununda radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrıseçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılıb.
 
Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilmişdir. Mərkəzin rəsmi təqdimat mərasimində  BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanmışdır.  Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib.
 
 
 
 

Google+ WhatsApp ok.ru