Ölkə vətəndaşları ən çox pullarını nəyə xərcləyir?

Fevral ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin 50,5 faizi ərzağın payına düşüb.
 
Maide.az xəbər verir ki, Anspress-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq xəbər bülletenində bildirilir.
 
DSK-nin xəbərinə görə,  2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsi vasitəsilə istehlakçılara 4258,2 milyon manatlıq məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2150,0 milyon manata, yəni ümumi pərakəndə ticarət dövriyyəsinin 50,5 faizinə bərabər olub.
 
Son bir neçə ay üzrə götürdükdə isə ümumi pərakəndə ticarət dövriyyəsində ərzaq məhsullarının payı aydan-aya artıb. Məsələn, 2016-cı ilin yanvar ayında bu göstərici 50,1 faizə bərabər olub. 2015-ci ilin dekabr ayında bu rəqəm 50, noyabr ayında isə 49,9 faizə bərabər olmuşdu.
 
Statistikanı bir neçə il üzrə araşdırdıqda ilk baxışdan gözə çarpan son illərdə bu göstəricinin ildən-ilə azalması, bu il isə yenidən artması olur. Misal üçün, 2010-cu ildə bu göstərici 65%-ə, 2012-ci ildə isə 57%-ə bərabər olub, 2014-cü ildə isə 53,44%-ə düşmüşdü.
 
Ümumiyyətlə, iqtisad elminə görə, pərakəndə ticarət dövriyyəsində ərzağın payının yüksək olması yoxsulluq əlaməti sayılır. Yoxsul üçüncü dünya ölkələrində bu göstərici 70%-in ətrafındadır, inkişaf etmiş ölkələrdə isə 20-30% aralığında dəyişir. Yəni inkişaf etmiş ölkələrdə əhalinin gəlirləri imkan verir ki, gəlirlərinin qalan hissəsini turizmə, istirahətə, əmlak alınmasına və s.-ə yönəltsin. Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə, maləsəf, bu, hələ ki, mümkün deyil.  
 
MDB məkanında bu göstəricinin ən əlverişli səviyyəsi Rusiyanın payına düşürdü. Moskva artıq 8 il idi ki, ərzaq məhsullarının ümumi ticarət dövriyyəsində payını 50%-dən aşağı sala bilmişdi. Lakin ötən il Rusiyada başlayan  böhran bu ilin fevral ayında həmin göstəricinin 50,1%-ə qalxmasına səbəb olub. Buna görə Rusiya KİV-i ölkə əhalisinin yoxsullaşması ilə bağlı həyəcan təbili çalmağa başlayıb.
 
İqtisadi və Sosial  İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov anspress-ə müsahibəsində 2015-ci ilin bir sıra aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsində ərzağın payının 2014-cü ilin uyğun aylarına nisbətən bir neçə faiz azalaraq 50 faizdən aşağı düşməsini devalvasiya ilə izah edir: “Devalvasiyadan sonra əksər ərzaq məhsulları bahalaşdı, buna görə əhali ərzaqda daha çox qənaət etməyə başladı.  Bu effekt 2015-ci ilin sonlarında güclü oldu və 2016-cı ilin əvvəlində də davam etdi”.
 
Amma Vüqar Bayramovun sözlərinə görə, bu vəziyyət uzun çəkməyib və ilin əvvəlindən başlayaraq ərzaq satışlarında yenidən canlanma müşahidə edilməyə başlayıb: “İqtisadi və Sosial  İnkişaf Mərkəzinin araşdırmasına görə, artıq əhali yeni qiymətlərə alışmağa başlayıb. Mart ayında vəziyyət artıq normala dönməyə, apreldə isə ərzaq satışları daha da güclənməyə başlayıb”.
 
Yəni belə anlaşılır ki, vəziyyət bu cür davam edərsə, 2016-cı ilin yekununda ümumi pərakəndə ticarət dövriyyəsində ərzaq məhsullarının payı 2015-ci ildə qeydə alınmış 50% göstəricidən xeyli yüksək ola bilər. Vüqar Bayramov ilin sonuna kimi lazımi tədbirlər görməklə həmin göstəricini 50 faizdən aşağı salmağı mümkün sayır: “İlk öncə, ticarətdə liberal mühit yaratmaq lazımdır. Bu, faktdır ki, inhisarçı şirkətlər məhsulu real dəyərindən xeyil yuxarı satırlar. Liberallaşma olsa, ərzaq qiymətləri düşər, əhalinin də ərzağa xərclədiyi pullar azalar. Həmçinin, hökumət müəyyən həvəsləndirici tədbirlərlə qeyri-ərzaq malların satışını stimullaşdırmalıdır”. 
 
Əslində, ticarət dövriyyəsində müşahidə olunan əsas problem indi məhz qeyri-arzaq məhsullarının satışı ilə bağlıdır. Manatla istehlak kreditlərinin sürətlə azalması bu məsələyə əsas təsiredici amillərdəndir. Əslində, dövlət yerli istehsal məhsullarının kreditlə satışını stimullaşdarmaqla həm də iqtisadiyyatın neftdən kənar bölməsinin dirçəlişinə təkan verə bilər. Bu isə neftdən kənar bölmədə yüz minlərlə iş yerinin açılmasına imkan yarada bilər. 
 

Google+ WhatsApp ok.ru