London Azərbaycan kleptokratiyasına necə kömək edir

«Adama elə gəlir, Azərbaycan dünyanın o başındadır, ancaq bu ölkənin diktaturasının əli Londonun mərkəzindəki varlı küçələrə də çatır». Bunu Böyük Britaniyanın «Left Foot Forward» siyasi bloqunda Adam Barnett yazır. 
 
«Özlərinə qalsaydı, londonluların çoxu qorxunc prezident İlham Əliyevlə heç bir bağlantı qurmazdı. Onun hakimiyyəti altında Azərbaycan korrupsiyadan yazan jurnalist Xədicə İsmayılova kimi cəsur dissidentlərin saxta ittihamlarla həbs olunduğu bir ölkəyə çevrilib. Xədicə cümə günü həbsdə 40 yaşını qeyd edəcək».
 
Müəllif yazır ki, neft ucuzlaşandan sonra ölkənin böyük hissəsinin yoxsulluqdan əziyyət çəkdiyi bir vaxtda hökumət xaricdəki lobbiçilərinə və PR işlərinə bir ətək pul xərcləyir.
 
«Bu üzağartma siyasətinin əsas postları Londonda yerləşir. Onlardan yalnızca səkkizini təqdim edirik:
 
1) Avropa Azərbaycan Cəmiyyəti, yaxud TEAS fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərliyi altında işləyir. Bu qrup britaniyalı deputatların Azərbaycana səfərlərinə xeyli vəsait sərf edib;
 
2) «Freud Communications», yaxud «Freuds» PR firması «Google», «Bafta» kimi şirkətlərə və… Azərbaycan hökumətinə xidmət göstərir. Prezidentin qızı Leyla Əliyeva şirkətin müştərisidir. 2011-ci ildə Əliyevanı London ictimaiyyətinə tanıtma partisi təşkil edib;
 
3) Hampsted, Park-leyn, Naytsbric – Londonun ən şıq əmlak nöqtələri sayılan bu məkanlarda Əliyevlər ailəsinin mülkləri yerləşir;
 
4) Hanover meydanındakı «Conde Nast» nəşriyyatında Leyla Əliyevanın redaktoru olduğu «Baku» jurnalını əldə etmək olar. Amma «Baku»da yer alan reklamlar azərbaycanlıların heç ağlından belə keçirmədiklərini göstərir;
 
5) «Child&Child» hüquq firması Əliyevin qızlarının Britaniyanın Vircin adalarında «Exaltation Limited» şirkətinin səhmdarına çevrilməsinə kömək edib;
 
6) Bukinhem sarayı bu yaxınlarda Azərbaycana kraliçanın 90 illik yubiley törəninə sponsorluğuna görə təşəkkür edib;
 
7) Siyasətçilər tez-tez «Shepherds» restoranına axşam yeməyinə gəlirlər. Restoranın rəhbəri Lionel Zetter-dir, o, siyasi lobbiçi, həm də TEAS-da direktordur;
 
8) Bu yay Bakıda «Formula-1» yarışları keçiriləcək. Rəhbəri Bernie Ecclestone-dan soruşublar ki, ölkənin insan haqları durumunu öyrəniblərmi? O da qayıdıb ki, «Öyrənmişik. Məncə, hamı məmnundur. Orada elə bir böyük problem yoxdur»».
 
Müəllif yazır ki, London bu səkkiz post vasitəsilə qəddar kleptokratiyaya xidmət edir.
 
Qeyd edək ki, Azərbaycan hakimiyyəti insan haqları tənqidlərini qəbul etmir, beynəlxalq qurumların ölkəyə qarşı qərəzli kampaniya apardığını bildirir.
 
Azadli.org

Google+ WhatsApp ok.ru