İlqar Məmmədov məhkəməyə üz tutdu

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyinin ilkin qeydiyyatının ləğvi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.
 
Məhkəmə şikayətə mayın 12-də saat 16-da baxmalıdır.
 
Bu haqda Azadlıq Radiosuna REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib.
 
Onun bildirdiyinə görə, məhkəmədən İ. Məmmədovun ilkin qeydiyyatının ləğvini nəzərdə tutan qərarın ləğv edilməsi istənilib.
 
“İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi kimi məhkəmədən İlqar Məmmədovun da iştirakının təmin edilməsini tələb etmişik. Onu hələ də Şəkidə saxlayırlar. Ümid edirəm ki, sabah məhkəmədə İlqar Məmmədovun iştirakı təmin ediləcək” - deyə icra katibi bildirib.
 
Həbsdə olan İlqar Məmmədov 90 saylı Ağdaş seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərinə qatılmaq məqsədi ilə müraciət etmişdi. Onun nümayəndələrinə əvvəlcə, imza vərəqələri verilsə də, sonradan bu proses dayandırıldı.
 
Mərkəzi Seçki Komissiyasından bildirdilər ki, artıq İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib.
 
MSK-da media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bu mövqeyi belə əsaslandırmışdı: «Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib».
 
90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilər iyunun 18-də keçiriləcək.
 
Hələlik, bu dairədən deputatlıq uğrunda 5 nəfər mübarizə aparır. Onlardan biri ÜMİD partiyasının sədri İqbal Ağazadə, digəri isə Ağdaş rayon İcra hakimiyyəti başçısının birinci müavini və hakim Yeni Azərbaycan Partiyası yerli təşkilatının sədri Cavid Osmanovdur. Qalan 3 namizədin bitərəf olduğu bildirilir.
 
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.
 
2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb, onun məhz hökuməti tənqid etdiyi üçün susdurulduğunu, cəzalandırıldığını bildirib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
 
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb.
 
Bu il Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədov barəsində hökmü qüvvədə saxlayıb.
 
İlqar Məmmədov da, hələ, bu prosesdən öncə deputatlığa namizədliyini vermək istədiyini bildirmişdi.(azadliq.org)

Google+ WhatsApp ok.ru