M.Əfxəm: `Tehran-Bakı əlaqələri son dərəcə yaxşı səviyyədə və inkişaf halındadır`

Tehran-Bakı əlaqələri son dərəcə yaxşı səviyyədə və inkişaf etməkdədir. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. 
Maide.az xəbər verir ki, M.Əfxəm deyib ki, başa çatmaqda olan il, (İranda il martın 21-də dəyişir)  Tehran-Bakı münasibətlərində heç şübhəsiz  yadda qalan il olacaq, çünki, iki ölkə rəsmiləri arasında ən çox gediş-gəlişin, görüşlərin və məsləhətləşmələrin şahidi olub. "İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün siyasi iradə və əzmkarlığın olmasından xəbər verir. Ötən illər ilə müqayisədə İran-Azərbaycan əlaqələri heç vaxt bu qədər yaxşı və yaxın olmayıb. İki ölkə qarşılıqlı münasibətlərdə yeni dövrə start verdiyi kimi, ümidvarıq ki, ikitərəfli məsələlər, habelə regional və beynəlxalq mövzularda mövcud potensiallardan maksimum səviyyədə istifadə edəcək. Xüsusilə terrorizm və ifratçılıq ilə mübarizə sahəsində öz güclərini birləşdirməklə bu sahədə aparılan işlərin uğurla nəticələnməsinə zəmin yaradacaq". 
M.Əfxəm sonda İran və Azərbaycan arasında zəngin və dərin tarixi və mədəni bağların olduğunu xatırladıb və qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan xalqı və dövlətini təbrik edib. "Novruz ənənəsi İran və Azərbaycan arasında ən qədim və güclü bağlardan biridir. Bu kimi bağlar hər iki ölkə rəsmiləri və xalqları üçün son dərəcə dəyərli sərmayə hesab olunur və bu sərmayədən istifadə edərək, iki ölkə arasında səmimi və güclü əlaqələr qura bilərik."
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya olan son səfərini son dərəcə faydalı adlandırıb./

Google+ WhatsApp ok.ru