Məmurun mətbuat katibi: “Bu nə sualdır, mənə verirsiniz?”

Bu gün Virtualaz.org saytında “Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanovun Miraslan Seyidov adlı Bakı sakininin ailəsini yaşadığı evdən zorla çıxarmasına dair informasiya yayılıb.
 
İnformasiyada qeyd olunur ki, Seyidovlar C.Qurbanovun təzyiqləri qarşısında qalan, lakin öz evini tərk etmək istəməyən sonuncu ailədir. Onların evi Azərbaycan Voleybol Federasiyasının binasının arxasında yerləşir. Seyidovun vəkili bildirib ki, Seyidovlar ailəsinin problemləri deputat Cavid Qurbanovun həmin ərazidə otel tikdirmək istəməsindən sonra başlayıb: “Deputat burada yaşayan ailələri evlərindən köçürdü. Hamı köçdü, təkcə Seyidovlar öz evindən çıxmaq istəmədi. Bu gün səhər isə polislər Seyidovların evinə gələrək ailə üzvlərini öz evlərindən zorla köçürməyə cəhd edib. Amma ailə üzvləri öz evlərini tərk etmək istəmir”.
 
Editor.az yayılan məlumatlara aydınlıq gətirmək üçün “Azəryolservis” sədri, deputat Cavid Qurbanovla əlaqə saxlamağa çalışıb.
 
Bu mümkün olmadıqda ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pünhan Mürsəliyevə müraciət edib.
 
Sualımıza cavabında mətbuat katibi bizi bu kimi suallarla ümumiyyətlə ona müraciət etməməyə çağırıb: “Bu nə sualdır, mənə verirsiniz? Bunun mənə aidiyyatı var. Mənə yol infrastruktu, “Azəryolservis”in fəaliyyəti ilə bağlı sual ünvanlayın”.

Google+ WhatsApp ok.ru