Məcburi köçkünlərin narazılığı (VİDEO)

Bərdə Mədəniyyət evində məskunlaşan məcburi köçkünlər binanın qəzalı vəziyyətindən narahatdırlar

Bərdə Mədəniyyət evində məskunlaşan məcburi köçkünlər binanın qəzalı vəziyyətindən narahatdırlar.

ANS TV-nin məlumatına görə, Bərdənin Şirvanlı kəndindəki Mədəniyyət evində 13 ailə məskunlaşıb. Bu bina hələ Sovet dövründə inşa olunub. 1993-cü ildən burada məskunlaşan məcburi köçkünlərin sözlərinə görə, bina cəmi bir neçə il yaşayış üçün əlverişli olub. Daha sonra baxımsızlıq ucbatından uçub dağılıb. Dam örtüyü tamamilə sıradan çıxdığından yağan yağış otaqların içərisinə dolur. Əslən Şuşa rayonundan olan məcburi köçkün Maral Cəbiyeva deyir ki, artıq burada yaşamaq təhlükəlidir, tezliklə tədbir görülməsə faciə qaçılmazdır.

Binanın tavan hissəsində çökmənin qarşısını nisbətən almaq üçün sakinlər bir neçə yerdən dirək qoyumaq məcburiyyətində qalıb. Ağdam rayonundan məcburi köçkün olan Şükufə Paşayeva sözlərinə əsasən, yaşadığı otağın divarlarındakı çatlardan içəri ilan və gəmiricilər girdiyindən iki ildən artıqdır ki, otağı boşaldaraq dəhlizdə sığınacaq düzəltəməyə məcbur olub.

Dörd uşaq anası Bəturə Hüseynova deyir ki, Bərdədə məcburi köçkünlər üçün inşa olunan yeni qəsəbədə evlə təmin olunmaq üçün Şirvanlı kəndində Mədəniyyət evinin binasında məskunlaşanlar da siyahıya salınıb. Onun sözlərinə görə, yeni mənzillərə köçənə qədər heç kim təminat verə bilməz ki belə vəziyyətdə olan yerdə hansısa bədbəxt hadisə baş verməyəcək.

Şirvanlı kənd Bələdiyyəsinin sədri Xaləddin Səlimov deyir ki, hal-hazırda Mədəniyyət evinin binasında əsaslı təmir bərpa işlərinə yalnız məcburi köçkünlər buradan köçürüləndən sonra başlamaq mümkün ola bilər. Sədr bildirdi ki, 2 aya qədər sakinlər buradan köçürüləcək.

Xaləddin Səlimov həmçinin onuda qeyd etdi ki, ümumilikdə Şirvan ərazisində 396 məcburi köçkün ailəsi məskunlaşıb və bütün ailələrin növbəli şəkildə yeni salınan qəsəbələrdə mənzillə təmin olunmaları planlaşdırılır.

Google+ WhatsApp ok.ru