Mətbuatda işsizlər ordusu yaranır

Ötən il fəaliyyətini dayandıran üç KİV-in onlarla əməkdaşı işsiz qalıb

2014-cü ildə Azərbaycan mətbuatında bir neçə qəzet və sayt öz fəaliyyətini dayandırdı. May ayının 27-də Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan etdi. 1990-cı ilin avqustunda yaradılan qəzet may ayının əvvəlində dövriliyini azaltmışdı. Rus dilində gündəlik nəşr olunan "Zerkalo"nun həftəliyə keçməsi, Azərbaycan dilində çıxan "Ayna" həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi nəzərdə tutulmuşdu. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmadı. 
 
Dekabrın 26-da isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı məhkəmə qərarı ilə "Azadlıq" radiosunun Bakı ofisində axtarış aparıb.  Həmin gün radionun Bakı bürosunun ofisi möhürlənib və polisə təhvil verilib.
Dekabrın 31-də isə daha bir tanınmış sayt - "Media forum" saytı qeyri-müəyyən müddətə qədər fəaliyyətini dayandırıb. Saytda yerləşdirilmiş elanda bildirilib ki, "Media forum"un kollektivi məzuniyyətə buraxılıb. Məlumatda qeyd olunub ki, 2013-2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib: "Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz". Sayt qeyd edib ki, qeyri-kommersiya hüquqi şəxs olan "İnternyus Azərbaycan" İctimai Birliyinin layihəsi kimi fəaliyyət göstərib. Hazırda "İnternyus Azərbaycan" İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilməyib. Buna görə də həmin layihələrin fəaliyyətini dondurub ki, bu, "Media forum" saytına da şamil edilib.
 
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev azadliq.info-ya verdiyi açıqlamada 2014-cü ilin mətbuat sahəsində böhranlı il olduğunu deyib: "Uzun illər davam edən böhran ötən il daha açıq şəkildə ifadə olundu. KİV-lərin, o sıradan medianın hüquqları ilə məşğul olan təşkilatların fəaliyyətinin dayandırılması ən böyük qiymətdir. "Ayna-Zerkalo", "Azadlıq" radiosu, "Media Forum"  KİV-in aparıcı dəstəsinə daxil idi və onların fəaliyyətinin dayandırılması ölkədəki azad mətbuatın məhdudlaşdırılması deməkdir. Əsas faktor bundan ibarətdir ki, Azərbaycanda KİV-lər müstəqil şəkildə özünü maliyyələşdirmək imkanından məhrumdur. Ya dövlət fondundan, ya hansısa ianələr, ya da müəyyən kommersiya qurumlarından maliyyə yardımları olmalıdır".
 
"Azadlıq" radiosunun Bakı bürosu bağlandıqdan sonra musavat.com-a açıqlama verən qurumun rəhbəri Zeynal Məmmədli bildirmişdi ki, bütün işçilər həyəcanlıdır: "Məişət problemləri, kreditlər, ipoteka kreditləri ödəyənlər var. Bundan başqa, dolanışıq qayğılarını da nəzərdən qaçırmaq olmaz. Bütün bunların fonunda isə qeyri-müəyyənliklər özünü göstərir". 
İş yerləri bağlanan jurnalistlər hazırda hansı çətinlikləri yaşayırlar? Onlar fəaliyyətlərini necə davam etdirirlər?
 
"Azadlıq" radiosu"nun əməkdaşı İslam Şıxəli deyir ki, adları çəkilən qurumların bağlanması 100-dən artıq jurnalistin işsiz qalmasına səbəb olub. Jurnalistika elə peşədir ki, onunla varlanmaq mümkün deyil, amma gərək onu bilən adam da heç vaxt ac qalmasın: "Lakin indi ölkədə vəziyyət elə həddə çatıb ki, ən kiçik bir media qurumunun bağlanması belə neçə-neçə ailənin müflis vəziyyətə düşməsinə səbəb olur. Öz sahəsində prinsipial olan jurnalistlər fərqli mövqelərdə olan media qurumlarında işləməkdən çəkinir. Bu kimi hallar ucbatından cəmiyyət peşəkar jurnalistləri itirməyə məcbur olur. "Azadlıq" radiosunun Bakı bürosunun bağlanması nəticəsində mən işsiz qalmamışam. Istintaq davam edir deyə fəaliyyətimi müvəqqəti dondurmağa məcbur olmuşam".
 
"Media Forum" saytının əməkdaşı İmdad Əlizadə "Bizim Yol"a bildirdi ki, özü ilə bağlı hələlik heç bir qərar gəlməyib. Onun fikrincə, "Media Forum" saytının bağlanması Azərbaycan mətbuatı üçün böyük bir itkidir: "Saytın bağlanması böyük təəssüf hissi doğurur. 6 ildir ki, mən bu saytda işləmişəm və özümü çox rahat hiss edirdim. Azad, müstəqil peşə kollektivi olan bir sayt idi. Çalışırdıq ki, jurnalistikanın, mətbuatın üzərinə düşən mühüm vəzifələri öz saytımız vasitəsi ilə yerinə yetirək. Aldığımız müsahibələrdə, hazırladığımız yazılarda daim çalışmışıq ki, qərəzsiz, bitərəf, obyektiv olaq, heç kimin ailə həyatına, şəxsi həyatına müdaxilə etməyək. Ona görə də 10 ildir ki, fəaliyyət göstərən bir saytın bağlanmasını böyük bir itki hesab edirəm. Azərbaycanın internet mediasının ilk qaranquşlarından biri hesab olunur "Media Forum" saytı. Hətta onu geniş yayılmış internet mediasının "Əkinçi"si adlandırmaq olar".
İ.Əlizadə deyir ki, jurnalist fəaliyyətini davam etdirmək fikrindədir: "Hələlik harada, necə, nə edəcəyimi bilmirəm. Bununla bağlı bir qərara gəlməmişəm. Hazırda evdəyəm. Dekabrın 31-dən sonra işsiz statusu daşıyıram. İşlədiyim 1997-ci ildən ilk dəfədir ki, belə formada işsiz qalmışam. Biz "Media Forum" saytı üçün əlimizdən gələni etdik. 6 aydır ki, jurnalistlər heç bir məvacib almadan çalışırdı. Bu problemə baxmayaraq kollektivin bir üzvü belə saytı tərk etməmişdi. Hamımız sona qədər bir yerdə olduq, gözlədik. Ancaq elə bir mərhələ gəlib çatdı ki, bizim edə biləcəyimiz heç nə mümkün deyildi. Azərbaycanda yetəri qədər mətbuat orqanı var. İşsiz qalan jurnalistlərdən kimlər özünə uyğun bilirsə həmin yerlərdə iş tapıb işləməkdən başqa bir yol qalmır". 
 
"Ayna-Zerkalo" qəzetinin buraxılış redaktoru İsmayıl Umudlu isə deyir ki, sözün əsl mənasında jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslər heç vaxt işsiz qala bilməz. Onun fikrincə, jurnalist əgər söz demək istəyirsə, onun üçün həmişə mövzu var: "Qəzetimiz may ayından etibarən fəaliyyətini dayandırıb. Qəzetçiliklə məşğul olduğum dönəmdə də intellektual strukturlu başqa işlərim var idi. Hazırda aktiv jurnalistikayla yox, onlarla məşğulam. Yəni gündəlik hər hansı bir qəzet və ya sayt üçün nələrsə yazmıram. Ancaq özümün çoxlu yaradıcılıq mövzularım var idi. Onlarla qəzetdə işlədiyim dönəmdə məşğul olmağa vaxtım çatmırdı. İndi may ayından etibarən onlarla məşğulam. Bir xeylisini həll etmişəm və yekunlaşdırmaq üzrəyəm. Yeni mövzularım da az deyil. Gündəlik informasiya axınını izləməkdən də qalmıram".
 
İ.Umudlu deyir ki, ona bir neçə yerdən iş təklifləri olub. Ancaq bunlar onun ürəyincə olmayıb: "İndiyə qədər işlədiyim mühiti tam təkrarlaya biləcək ikinci bir mühit tapa bilmirəm. Sağlıq olsun, vəziyyət hər an dəyişə bilər".

Google+ WhatsApp ok.ru