Məbəs Bayramı tədbirindən geniş reportaj

Xəbər verdiyimiz kimi Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə əziz islam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə seçilməsi, Məbəs Günü ilə bağlı bayram tədbiri keçirilib.

 

Tədbirdə ölkənin tanınmış ruhaniləri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbir ilk öncə Allah kəlamı və Azərbaycan dövlət himninin oxunuşu ilə açıq elan edilib.

 

Bundan sonra AİP-in həbsdə olan lideri Mövsüm Səmədovun Məbəs Bayramı ilə bağlı təbrik məktubu oxundu. Məktubun tam mətnini burada oxuya bilərsiz .

 

İlk çıxış üçün söz AİP-in sədr əvəzi ruhani alim Hacı İlham Əliyevə verildi. Hacı İlham Əliyev ilk öncə dəvəti qəbul edib tədbirə qatılan bütün iştirakçılara öz təşəkkürünü bildirdi və Məbəs Günü münasibəti ilə hər kəsin bayramını təbrik etdi.

 

Allahın peyğəmbərləri iki hədəf üçün göndərdiyini və məbus etdiyini söyləyən ilahiyyatçı alim bildirdi ki, bu barədə kifayət qədər Quran ayələri və ilahi kəlamlar mövcuddur: “Allah Qurani-Kərimdə bildirir ki, biz ümmətlərə peyğəmbəri iki əsas hədəf üçün göndərmişik. Bunlar Allaha bəndəçilik və allahsızlıq, tağutdan çəkinməkdən ibarətdir. Lüğət alimləri ümmət kəlməsini o cəmiyyətə aid ediblər ki, həmin cəmiyyətdə bir növ vəhdət hakim olsun. Yəni hər hansı bir cəmiyyətdə zaman məkan, hədəf, təfəkkür vəhdəti yaşansın. İnsanlar öz xilqətində əslində vahid bir ümmət qismində xəlq edilib. Lakin zaman ötdükcə insanlar öz yaradılış xilqətindən ayrı düşdükcə get-gedə öz vəhdətlərini əldən verib ixtilaflara düçar olublar. Əslində Allahın peyğəmbərləri göndərməkdə məqsədi də insanları yenidən öz xilqətinə, əslinə, yaradılış hədəfinə və həqiqi vəhdətə qaytarmaq idi. Bu yolda ən əsas vasitə isə Allahın özü, tohidi və vəhdaniyyətidir. Yəni bütün ixtilaflara düçar olmuş bütün cəmiyyəti bir yerə toplayacaq yeganə amil Allahdır.”

 

Allah ətrafında insanlıq aləmini yenidən bir araya gətirməyin və toplamağın yeganə çıxış yolu olduğunu söyləyən ilahiyyatçı alim, “insanların tohid bayrağı altında bir araya gəlib vəhdət eləmələri üçün də Allah Qurani-Kərimdə yollar göstərib. Mübarək cümə sürəsinin ayəsində Allah buyurub ki, peyğəmbərləri göndərmişəm ki, sizləri paklasın. Və insanın zatı paklanması nəticəsində insan yenidən öz əslinə qayıda bilər”, - deyə bildirdi:

 

“Ayənin ardında buyurur ki, peyğəmbər sizləri pakladıqdan sonra hikmət və elmi öyrədəcək. Yəni təlim keçəcək. Özünü islah və paklanma məsələsi çox əhəmiyyətlidir. Allah Qurani-Kərimin Şəms sürəsində 11 dəfə and içdikdən sonra bildirir ki, o kəslər nicat tapdı və xoşbəxt oldu ki, özlərini islah etdi və pakladı. Sonrakı ayədə isə özünü islah etməyənlərin həlak olduqlarını söyləyir.”  

 

Sonra çıxış üçün söz ruhani alim Hacı Sərdar Hacıhəsənliyə verildi.    

 

İlahiyyatçı Azərbaycan İslam Partiyasına belə bir tədbiri ərsəyə gətirdiyi üçün təşəkkür etdi.

 

Ruhani alim çıxışı zamanı bildirdi ki, insan övladının ruhunda fitrətən təşəkkür hissi var və fitrətən insan ona xidmət edənlərin qədrini sayğı ilə yad edir:

 

“Əgər bizim həyatımızda kimsənin bizim formalaşmağımızda hər hansı rolu varsa, biz ona borclu oluruq və çalışırıq  həyatımızda, tərəqqimizdə, inkişafımızda ifa etdiyi rola görə ondan məmnuniyyətimizi bildirək. Amma bu həyatımızda tərəqqilərin rolunu, miqdarını hesablamaq istəsək görərik ki, bunların içində ən böyük rola peyğəmbərlər malikdirlər. Əgər başqaları bizim həyatımızın rifahının önə getməsinə, yaxşılaşmasına bütövlükdə götürəndə dünya həyatımızın abadlaşmasına xidmət ediblərsə, peyğəmbərlər isə səadətimizə xidmət ediblər. Səadət isə dünya və axirətin birgə xoşbəxtliyi deməkdir.”

 

Peyğəmbərlərin insanın ömrünə bəxş etdikləri töhfələri onlardan qeyriləri insanlığa bəxş edə bilmədiyini söyləyən Hacı Sərdar Hacıhəsənlibildirdi ki, məbəs insan övladına verilən ən böyük dəyərdir:

 

“Əgər peyğəmbərlər insanların həyatına gəlməsə idi, insanın varlığa və özünə baxışı yalnış olardı. Peyğəmbərlər gəldi və insanların vücudunda inqilab elədi. İnqilabı onların şüurundan başladı. Birinci onların özləri haqqında düşüncələrini əvəz elədi. İnsana öyrətdi ki, insan övladı sən puç, müvəqqəti, heç bir mahiyyəti olmayan varlıq deyilsən. Sən özünə baxışını dəyişməlisən və sən Rəbbinin şah əsərisən. İnsana özü haqqında, insanı əbədi varlıq olmağın ilk dəfə insanlar peyğəmbərlərin dilindən eşitdilər. İnsanın özünə özünü tanıtdırdı. Sonra Peyğəmbərlər insana Rəbbini tanıtdırdı. İstədi insanlar bilsin ki, o kiçik , cılız bir varlıq deyil. O, Rəbbinə söykənəcək və Rəbbi ilə birgə yenilməz, itməz olan bir varlıqdır. İnsanlara peyğəmbərlər öyrətdi ki, sən Rəbbinin əsərisən və Rəbbinlə birgə rabitədə olmalısan. Əgər Peyğəmbərlər dünyaya gəlməsə idi, insanlar ən ali tərzdə düşünsək, ən yaxşı halda olduğu qədərində qalardı. Amma peyğəmbərlər insanlara dedi ki, sən bu cür kiçik deyilsən.”

 

Peyğəmbərlərin gəlişinin Allahın insan vücudunda səfirlik açmağı anlamında olduğunu söyləyən ruhani alim, “peyğəmbərlər insana Allah tərəfindən səfir gəldiyini öyrətdi.  Sənin vücudunun məmləkətində bir səfirlik açacam. Bu səfirlik mənim təmsil etdiyim məmləkətlə sənin yaşadığın məmləkət arasındakı əlaqə və rabitəni böyüdəcək.  Onda insan övladı qiymət tapdı” , - deyə bildirdi:

 

“Peyğəmbərlər insanlarla Allah arasında rabitə yaratdılar. Lakin onların işi bununla kifayətlənmədi. Allah elçiləri insanların həm dünyasını, həm də axirətin abad etməyə gəlmişdilər. Peyğəmbərlər insanlara çağırış zamanı maddi şüarlar verməyiblərsə, əgər onları maddiyyata səsləməyiblərsə, bu ona görədir ki, onları maddi şüarlar ətrafında birləşdirməyi insan kəramətinə zidd hesab ediblər. Peyğəmbərlər insanların ünvanına səfir olaraq gəlmişdilər, həm onların maddi, həm də ki, mənəvi həyatı peyğəmbərlər üçün əhəmiyyət kəsb edirdi. Peyğəmbər gəldi və fərd olaraq insanı görmədi. İnsanları Allahın əsəri kimi görürdülər və insanlar arasında hakimiyyət etdilər. Peyğəmbərlər insanların arasında ən ali bir qurğunu yaratdılar. Allah bəndəçiliyi mehvəri ilə bir hakimiyyət! Bu hakimiyyətdə dünya və axirət öz əksini tapmışdı. Müsəlmanların gələcəkləri əks olunmuşdu. “

 

Hacı Sərdar Hacıhəsənli çıxışının davamında bildirdi ki, peyğəmbər insanlara xidmət etmək üçün gəlmişdir: “Bu xidməti həm maddi, həm də ki, mənəvi həyatlarına aid idi. Peyğəmbərlər heç zaman insanların iqtisadi həyatına biganə olmadılar. Əgər peyğəmbər insanların arasına gəldisə, onların iqtisadi rifahının ən ali tərzdə olmağı üçün zəhmət çəkdilər. İlk vaxtlarda əziz islam peyğəmbəri Mədinədə müsəlmanların iqtisadi rifahı üçün addımlar atdı. O, addımlar islahatlardan başladı. Belə ki, Allah Rəsulu(s) Mədinəyə gələndə gördü ki, şəhər çox pis bir durumdadır. İnsanlar arasında maddi cəhətdən təbəqələşmə hökm sürürdü. Təbii ki, insanlar fəaliyyətlərinin, zəhmətlərinin nəticəsi olaraq biri-digərindən ali səviyyədə yaşamağı qazana bilir. Bu fərqdir və labüddür. Təbəqələşmə isə başqa şeyə xidmət edir. Təbəqələşmə dövlətlinin dövlətlənməsi, kasıbın kasıblaşması, sonda isə kasıbın dövlətli tərəfindən əməyinin və varlığının istismar olunması, birinin başqa bir təbəqəyə, digərinin isə mülkiyyət şəklinə düşməsinə gətirib çıxarır.  Bu vəziyyətdə peyğəmbərimiz nə etdi?  Bu vəziyyəti sındırmaq üçün ilk addım kimi Mədinədə inhisarı aradan qaldırdı. İnhisarçılığı pozmağın birinci addımını peyğəmbər Mədinədə bazar tikməklə başladı. Ondan əvvəl Mədinə bazarı istehsalçı ilə istehlakçının birləşdiyi nöqtə idi. Əgər bazar iqtisadi fəsadlara məruz qalarsa, bu hər bir tərəfə sirayət edər. Əvvəl bazar belə idi. Bir məhəllə yalnız xurmaçıların əlində idi.  İstehsalçı məcbur idi ancaq o bazarda gedib xurmasını təhvil versin.  Hər kəs məcbur idi ki, xurmasını orda alsın. Demək olar ki, bütün iqtisadi bazar sistemi inhisara düçar olmuşdu. Amma peyğəmbərimiz gəldi və bu sistemi sındırdı. Yeni bir bazar tikdi. Peyğəmbərin tikdiyi bazarda inhisarçıların heç bir rolu olmadı.  Yəni nəsillərdən-nəsillərə, əldən-ələ ötürülən inhisar bazar iqtisad sistemi yox, yeni nəslin fəaliyyəti nəticəsində, onların da günlərin abad edəcək bir bazar yaratdı. Bundan əlavə peyğəmbər iqtisadi durumun bir rəhbər olaraq həqiqətini ortaya qoydu. Əgər modern dünyaya nəzər salsaq görərik ki, hündür, gözəl binaların arxasında çox acınacaqlı durum yaşayan insanlar var. İnsanların arasında bəzən kasıb və dövlətlilərin yaşadıqları məntəqələr belə fərqlidir. Kasıblarla dövlətlilərin arasında uca divarlar sanki həqiqətləri, iqtisadın fəsadlarını gizlətməkdədir. Acınacaqlı durumu olan insanların önündə pərdələr qurulmaqdadır. Ancaq baxaq görək Allah Rəsulu(s) hansı yolu seçdi. Allah Rəsulunun(s) dövründə Mədinənin iqtisadi durumda ən acınacaqlı halı olan insanlar əli-ayağı yalın Məkkədən Mədinəyə hicrət edən insanlar idi. Peyğəmbər onları gizlətmədi. Bir rəhbər, bir öndər kimi həmin insanları gizlətmədi və gətirib yerləşdirdi. Amma harada? Düz İslamın ən mərkəz nöqtəsində, peyğəmbərin oturub hakimiyyət yönəltdiyi məscidin önündəki səkidə o insanları yerləşdirdi. Bu adamlara səki camaatı deyərdilər. Peyğəmbər göstərdi ki, iqtisadımızın mövcud durumu bundan ibarətdir. Peyğəmbər dedi ki, həqiqi iqtisadımızın vəziyyəti bu gün bu müsəlman qardaşların durumunda öz əksini tapıb. Peyğəmbər mövcud iqtisadi durumu pərdələmədi, divar arxasına çəkmədi. Ondan sonra peyğəmbər başladı acınacaqlı durumda olan insanların iqtisadi rifahını düzəltməyə və qanunlar tətbiq etməyə. Dedi xüms, zəkat verəcəksizsə bu insanlardan başlayacaqsız. Hətta peyğəmbərə ziyafət vermək istəyənlərə Allah Rəsulu(s) deyirdi ki,  mənə qonaqlıq vermək istəyənlər, məni yedirtmək istəyənlər gəlib məscidin qarşısında, səki camaatı ilə birgə bunu etsinlər. Allah Rəsulu(s) bir öndər, bir insan, bir rəhbər idi ki, iqtisadi gərginliklərin üstünü örtməyə çalışmırdı. Peyğəmbər müsəlman cəmiyyətinin lideri və rəhbəri idi. Cəmiyyətdə olan mövcud duruma daima nigaran idi.”

 

Çıxışının davamında olduqca mühüm və diqqət çəkən nöqtələrə toxunan Hacı Sərdar Hacıhəsənli çox mühüm məqamlara toxundu. Sözügedən çıxışın tam mətinini burada oxuya bilərsiz.   

  

Bunda sonra çıxış üçün söz ruhani alim Hacı Əli Behiştiyə verildi. Ruhani alim çıxışı zamanı tədbir təşkilatçılarına təşəkkürünü bildirirək müqəddəs günmünasibəti ilə bütün müsəlmanları təbrik etdi.

 

“Ey Rəsulum biz səni peyğəmbərliyə buna görə göndərdik ki, insanlara müjdə verəsən və qorxudasan”, - ayəsi ilə çıxışına başlayan ruhani alim Hacı Əli Behişti bildirdi ki, insanları gözəl əxlaqa dəvət edib pisliklərdən çəkindirmək peyğəmbərlərin əsas hədəfləri olub:  “Yəni hər kəs Allahın göstərişlərinə əməl edərək pak həyat yaşayarsa behiştə, əks halda isə əzaba düçar olacaq. İlahi dəyərləri təbliğ edən şəxslər üçün bu ayədə çox mühüm nöqtələr vardır ki, insanları tərbiyə etmək üçün istifadə edilməlidir. Onlardan biri təşviq, bəşarət digəri isə inzar yəni qorxutmaqdır. İnsanları yalnız gözəl əxlaqa dəvət etməklə paklamaq mümkündür. Eyni halda onu da bilməliyik ki, insanlar durduqları yerdə əxlaqlı olmurlar bunun üçün onları təşviq və qorxutmaq lazımdır.”

 

 

 

Sonra çıxış üçün söz ruhani-alim DEVAMM sədri Hacı İlqar İbrahimoğluna verildi.  

 

O, çıxış nitqində bütün müsəlmanların bayramını təbrik etdi

 

Peyğəmbərlərin gəlişində əsas məqsədlərindən birinin vəhdət olduğunu söyləyən DEVAMM sədri, “bir var insan öz daxili və fitrəti ilə vəhdətə çatır, bir də var toplumlar, cəmiyyətlər vəhdətə çatır. Bunlar ümmət halına gəlir. Bu halın əksi tağutdur. Bunun əksi çoxluqdur. Bunun əksi tövhidə aparmayan məsələlərdir və bunlar çox incə məsələlərdir. Təssüflər olsun ki, günümüzdə bu mühüm nöqtə unutdurulur”, - deyə bildirdi:

 

“İslam, əxlaq, din, mənəviyyat adına məsələr çatdırılır,  lakin dinin əsas məsələsi tövhid ortada yoxdur. İrfandan danışılır, saatlarla Mövlanadan konfranslar keçirilir, amma namazqılmayan Mövlana ardıcılları yetişdirilir. Beləliklə yumşaq din deyilən məsələ meydana çıxır və dinin əsas qayəsi unudulur. Dinin əsas qayəsi nədir ki? Dinin əsas qayəsi odur ki, əvvəl insan öz nəfsini cilovlaya bilsin ki, özü ilə vəhdətə çata bilsin. Öz nəfsini cilovlaya bilənlərdən ümmət yaranır ki, bu halda Tağutun mövcudiyyəti olmur və o qaranlıq aradan götürülür. Deyirlər ki, gedin ibadətinizlə məşğul olun. Bu cümlədə nəzəri olaraq gözəldir hər şey,  amma bu belə deyil. Elə baxın Məbəs günləridir. Açın sosial şəbəkələrdə baxın: sanki bir rəqabət var. Kim dinlə bağlı bir atmaca atacaq,  kim dinlə bağlı status yazacaq,  kim dinlə bağlı fikir bildirəcək. Dəbdi görünür. Bu bayram günlərində kimsə yaxşı bir söz yazacaq.  Amma vaxtı gəlib  çatıb ki, bu məsələr həm də danışıla. Bütün çıxışlarda deyilən əsas məsələ budur ki, peyğəmbərin missiyası nəzəri deyildi. Yerdə ilahi nuraniyyəti yaşatmaq üçün səfir olaraq gəlib. Ən məişət kimi görünən məsələrdən biri olan bazarı qurur. Bu qədər dinimizin praktik əhəmiyyəti var.”

 

Artıq iki qütblü dünyanın, postmodernizmin bitdiyini Trampların və liberalizmin yekun mərhələyə çatdığını söyləyən İlqar İbrahimoğlu, “bu gün Hitler şüarları verən Trampların hakimiyyətə gəlmə ehtimalı var. Bu insanların hansı mənəvi haqları var ki, gələ insan hüquqlarından danışa. Bu isə onu göstərir ki, onlar öz içlərində öz məsələrini həll edə bilmirlər. Bəllidir ki, bu cür davam edə bilməz”, - deyə bildirdi:

 

“O ki qaldı Azərbaycan  insanına. Azərbaycan insanını müsibəti odur ki, istər çar dövründə istərsə də qırmızı imperiya dövründə ziyalılarımıza ( imanı olmayan ziyalı məlumatlılıdır o ziyalı hesab olunmur) kompleks yaşadıblar.  

 

Sonra çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev tədbir iştirakçılarını təbrik etdi. Bu günün böyük bir bayram olduğunu söyləyən Əli Əliyev, 
İslam partiyasının yaxşı bir ənənə qoyduğunu söylədi: “Həm bayramdı, həm də insanları maariflənirlər. Din bizim əqidəmiz tariximiz və mənəviyyatımızın ayrılmaz hissəsidir. İslamı araşdıran zaman görürük orada hər şey var. Həm cəmiyyət, həm elm, həm də mənəviyyat. Düşünürəm ki, bəşəriyyətin xilası İslamdan keçir. Bunun üçün müsəlmanlar elmli, savadlı, dünyagörüşlü olmalıdır. Bizim imamımız zühur edənə qədər təbii ki, parçalanmış olacağıq. Yolumuz oradır. Birliyimiz İslamdan keçir.”

 

 

 

 

Sonra çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bu günün çox böyük əhəmiyyətə sahib olduğunu söylədi: “Əziz islam peyğəmbəri həm də ona görə görə yüksək şəxsiyyət idi k, xanım Fatimə Zəhra(s.ə) kimi xanım yetişdirə bildi. Bu məktəb böyükdür. Eyni Xanım Fatimeyi Zəhra və Xanım Zeynəb kimi xanımları yetişdirmiş bir məktəbdir. O xanımlar ki,  yenidən insanları ruhən dirildə bildilər. Bu gün xanımların cihadı onların qüdrətidir. Onlar hər yerdə, cəmiyyətin hər bir yerində özlərinin məzun olduqları məktəbi təmsil etməlidirlər. İnsanlar eşqin hədəfini düzgün müəyyən etsələr ucalığa zirvəyə çata bilərlər. Məhəmməd peyğəmbərin(s) əxlaqı, xüsusilə siyasi əxlaqı misilsiz olub. Əgər bu gün cəmiyyətdə siyasi və mənəvi əxlaqı düzəldə bilsək Qarabağı da ala bilərik.

 

 

 

Qarabağ Azadlıq təşkilatının sədri Akif Nağı isə çıxışı zamanı bildirdi ki, islam peyğəmbəri insanlara verilmiş sonuncu şans idi. Bu gün müsəlmanların sayı 2 milyarda yaxınlaşır. Bu  ciddi rəqəmdir. Bu insanların düzgün yolu seçməsini göstərir. Bəşəriyyətin xilası İslamdan keçir. Düşünürəm ki, millətimiz İslam düşüncəsi ilə Qarabağı azad edəcək. “

 

 

Sonra çıxı edən ilahiyyatçı Hacı Ramin Bədəlov hər kəsi təbrik etdi və bildirdi ki, bu gün bir insanın deyil, insanlığın bəşəriyyətin dünyaya gəldiyi gündür. Bu insanlığa şəfa günüdür. Son illərdə İslam dininə maraq çoxalıb. Allah hər birinizdən razı olsun. Allah bizi bu yolda sabit qədəm etsin. “

 

 

 

 

 

 

Ağ Bloq sədri Tural Abbaslı isə çıxışı zamanı  bildirdi ki, mövcud məğlubiyyətimizi aradan qaldırmaq üçün nöqsanlarımızı müzakirə etməliyik. Peyğəmbərimizin özü bir dövlət başçısı idi. Bu isə müsəlmanın həm siyasi, həm də mənəvi cəmiyyətdə yerindən xəbər verir. Bu gün İslami müasir dünya ilə uzlaşdırıb  çağırışlarımızı etməliyik.”.

 

Sonda çıxış edən Nardaran Ağsaqqalı Hacıağa Nuriyev. hamının bayramını təbrik edirəm və AİP lideri Hacı Mövsüm Səmədovun zindandan azad olunmasını arzuladı. (islaminsesi)

Google+ WhatsApp ok.ru