Məktəbli geyimlərinin qiymətinin artırılmasının səbəbi nədir?

Məktəbli geyimlərinin qiymətinin artırılmasının səbəbi nədir?

«Bakı Tikiş Evi (BTE) məktəbli formalarının qiymətini 3-4 manat və ya 8 faiz qaldırıb. Qiymətin qaldırılması zərurətdən irəli gəlib».
 
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov məktəbli formalarının qiymətinin qaldırılmasını «Turan»a belə şərh edib.
 
Onun deməsinə görə, qiymətin qaldırılmasına səbəb parçanın ölkəyə daxil olmasında vergilərin artması, lazım olan ləvazimatların valyuta ilə alınması ilə bağlıdır. «Biz əslində qiymətləri 40 faiz qaldırmalıydıq ki, bir çox zərərləri bağlaya bilək. Amma Tikiş Evi rəhbərliyi 8 faizdən artıq bahalanmaya getməyi məqbul saymadı. Parça özü xüsusi parçadır, bədənə hava ötürməsi baxımından fərqlənir. Digər tərəfdən sap, iynə, astar və s. ölkəyə valyuta ilə gətirilir. Manat iki dəfə devalvasiyaya gedib, manat iki dəfə ucuzlaşıb, dollar bahalaşıb. Odur ki, dediyim faktorlardan irəli gələrək qiymət artımına getmək zəruri oldu».
 
Bakı Tikiş Evi iyunun 20-də məktəbli formalarının bahalanması ilə bağlı qərar qəbul edib.
 
26-44 ölçüyədək məktəbli forması dəstinin qiymətinin 34 manatdan 37 manata, 32-54 ölçüyədək formaların isə 43 manatdan 46 manata qədər yüksəldiyi bildirilir. Bu qiymətə pencək şalvar və ya pencək ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olmayaraq, 7 manat, jiletlər 6 manata satılmalıdır.

Google+ WhatsApp ok.ru