Məktəbə hazırlıq dövlət hesabına olacaq

Məktəbə hazırlıq dövlət hesabına olacaq

2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlanılacaq. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
 
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” əmrə əsasən, yeni tədris ilindən məktəbə hazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbə hazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdiriləcək. Həmçinin məktəbə hazırlıq qrupları yaradılacaq, ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək. Məktəbə hazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək.
 
Əmrlə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, məktəbə hazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılmasını nəzərdə tutsunlar.
 
Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan başlayır. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Ancaq təəssüflər olsun ki, bu gün 1-ci sinfə gedən uşaqların cəmi 20-30 faizi məktəbəqədər təhsil görür. Buna isə səbəb keyfiyyətli məktəbəqədər təhsil müəssisələrinin olduqca bahalı olmasıdır. Təhsil nazirinin müvafiq qərarının bu faiz göstəricisini artıracağına ümid edilir.
 
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev təhsil nazirinin bu addımının təqdirəlayiq olduğunu dedi: ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, Azərbaycanda məktəbəqədər təhsil üç yaşdan başlayır. Hazırkı durumda orta məktəblərin 1-ci sinfinə gələn uşaqların 20 faizə qədəri məktəbəqədər tərbiyə görür. Bu, çox aşağı göstəricidir. Bu səbəbdən uşaqların məktəbə hazırlığı vacib məsələdir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların hazırlığı ibtidai təhsildə özünü mütləq büruzə verir. Lakin bu imkanlar məhdud olduğundan uşaqların məktəbə hazırlığı genişləndirilməlidir. Təhsil Nazirliyinin bu təşəbbüsü təqdirəlayiqdir. Bu proses məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə qədər davam etməlidir. Fikrimcə, şəhər və regionlarda məktəbəqədər təhsil müəssisələrinin sayını artırmaq lazımdır. Bizdə imkanlı adamlar restoran, şadlıq sarayları, villalar tikdirirlər. Onların məktəb və bağça tikməyə həvəsləri yoxdur. Ancaq bağça və məktəb tikdirən varlılar da var. Onların qurduqları bağça və məktəblərə elə qiymət qoyulur ki, onlardan yalnız varlılar istifadə edə bilirlər. Yəni şəxsi məqsədlər hər şeyi üstələyir". (musavat.com)
 

Google+ WhatsApp ok.ru