Məcburi köçkünlər etiraz etdi

Məcburi köçkünlər etiraz etdi

Məcburi köçkünlərlə Xətai rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşları arasında insident yaşanıb
 
Maide.Az bildirir ki, məcburi köçkünlərin Modern.az saytına verdiyi məlumata görə, narazılıq “Azərişıq”ın əməkdaşlarının sayğac quraşdırmağa başlamasından sonra yaranıb.
 
Buna səbəb isə köçkünlərə ayrılan, yay aylarında qənaət edərək saxladıqları və hələ istifadə etmədikləri limitin ləğv edilməsidir.
 
Onlar yeni qaydaya etiraz etmirlər. Məcburi köçkünlərin istəyi balanslarında hələ də istifadə etmədikləri limitin sıfırlanmasıdır. Onlar tələbləri yerinə yetirilmədiyi halda etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
 
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verib.
 
Qurum rəsmisi bunların şayiə olduğunu deyib:
 
“Məsələ ilə bağlı kimin şikayəti varsa, yaradılan qərargaha müraciət edə bilər. Belə bir problem ola bilməz. Narazılığı olan varsa, buyursun müraciət etsin. Qeyd edim ki, şikayətlər fərdi qaydada araşdırılacaq”.
 
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmanda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Qeyd edək ki, bu fərmana qədər hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilirdi.
 
Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılırdı.

Google+ WhatsApp ok.ru