Müəllimlərin maaş kartı problemi yarandı

Müəllimlərin maaş kartı problemi yarandı

Müəllimlər banklarda uzun növbə olması və 2 saatlıq icazə limiti səbəbindən yeni maaş kartlarını ala bilmirlər.  

 
Bu barədə Axar.az-ın redaksiyasına göndərilən şikayət məktubunda qeyd edilib. Müəllimlər bildirirlər ki, sosial izolyasiya qaydaları gözlənilmədən bankların qarşısında yaradılan növbə və 2 saatlıq icazə səbəbindən hələ də kartlarını əldə edə bilməyiblər. Onlar qaydaların gözlənilmədiyi bu növbələrdə virusa yoluxma riskinin nəzərə alınmasını və məsələnin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin artırılmasını və ya kartların müəllimlərin çalışdığı təhsil müəssisələrinə təqdim edilməsini istəyiblər.  
 
Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu problemin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin avtomatik uzadılması daha məqsədəuyğun olar:  
 
“Müəllimlərin çoxu maaş kartlarının vaxtı bitdiyi üçün banka üz tutmaq məcburiyyətində qalıb. Ölkə üzrə bütün müəllimlər Kapital Bankın kartları vasitəsi ilə əmək haqqı alır. Bildiyimiz kimi, pandemiyanın başladığı müddətdən 2 ay müddətinə Kapital Bank da daxil olmaqla, bütün banklar vaxtı bitmiş kartların istifadə müddətini uzatdı. Amma təəssüf ki, bu dəfə belə addım atılmadı. Hətta maaş kartlarına əlavə ödəniş edilməsi xidməti avqustdan dayandırılacaq və bu xidmətdən istifadə üçün kim istəsə, əlavə kart almalıdır. Bu da pandemiya müddətində bankların qarşısında əlavə növbənin yaranmasına və yoluxma riskinin artmasına səbəb olur”.  
 
Ekspert deyib ki, bu problemin həlli üçün Təhsil Nazirliyi hansısa addım ata bilməz:  
 
“Çünki kartlarda şəxsi məlumatlar yer aldığı və sahibin imzası lazım olduğu üçün kartı sahibinin özü götürməlidir. Amma yaranmış vəziyyətlə əlaqədar ən yaxşı çıxış yolu kartların vaxtının ilin sonuna qədər uzadılması ola bilər. Bu, həm banklar qarşısında uzun növbə yaranmasının qarşısını alacaq, həm də müəllimlər əziyyət çəkməyəcək”.  
 
Mövzu ilə əlaqədar Kapital Banka sorğu verilib.

Google+ WhatsApp ok.ru