İmam Rzanın (ə) həyatı

İmam Rzanın (ə) həyatı

Zil-qədə ayının 11-i (İyul ayının 14-ü) şiələrin səkkizinci imamı – imam Rzanın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin həyatı və əxlaqı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayının 11-də anadan olmuşdur. O həzrətin adı Əli, künyəsi Əbülhəsən, məşhur ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o həzrətin vəfat gününü Səfər ayının sonuncu günü qeyd etmişdir. O həzrətin anasına Xeyzəran deyilirdi; bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər.

İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə getmiş və nəhayət, 203-cü ilin Səfər ayında 55 yaşında ikən, xəlifə Məmunun əli ilə şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.

İMAM RZANIN (Ə) ƏXLAQINDAN NÜMUNƏLƏR

Tarixçilər imam Rzanın (ə) gözəl əxlaqına aid bir çox nümunələr qeyd etmişlər ki, biz də burada onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. İbrahim ibn Abbas imam Rzanın (ə) əxlaqı barəsində belə nəql edir:

–İmam Rza (ə) heç kimə zülm və cəfa etməzdi; istər dostu olsun, istərsə də düşməni. Hamını təbəssümlə qarşılayardı.

–Heç kimin sözünü kəsməz və qarşı tərəfin sözü qurtarana qədər onu dinləyərdi.

–Onunla bir yerdə oturanın qarşısında ayaqlarını uzatmazdı.

–Onunla bir yerdə oturandan əvvəl belini dayamazdı. Ona ehtiram əlaməti olaraq ondan sonra divara söykənərdi.

–Öz xidmətçiləri və qulamlarına acı söz deməzdi.

–Özünü xidmətçiləri və qulamlarından üstün tutmaz və həmişə onlarla birlikdə süfrə başında oturardı.

–İbadəti uzun çəkərdi. Gecələri az yatar, çox vaxt ehya saxlayar, gecələri ibadətlə keçirər, namaz qılar və Allah-Taalanın kitabını tilvaət edərdi.

–Bir möhtacı heç zaman əliboş qaytarmazdı, yoxsullara həmişə ehsan edər, çoxlu sədəqə verərdi. Onlara gecə ikən ehsan edərdi ki, onu tanımasınlar.

2. İbadət imam Rzanın (ə) mənəviyyat və təqva ilə dolu həyatının böyük hissəsini təşkil edirdi. İmamın (ə) bəzi şiələri deyirlər: “Hər dəfə o həzrəti görəndə Allah-Taalanın bu kəlamı yadımıza düşərdi:

كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

Onlar (təqvalılar) gecənin az bir hissəsini yatırdılar.” (“Zariyat” surəsi, ayə 17; “Əl-ittihaf bihubbil-əşraf”, səh. 59.)

3. İmam Rzanın (ə) ən çox xoşladığı iş yoxsullara yardım etmək idi. O həzrət Xorasanda olarkən “Ərəfə” günü bütün malını yoxsullara payladı. Bunu görən Fəzl ibn Səhl dedi: “Bu, ziyana uğramaqdır.” İmam (ə) buyurdu: “Əksinə, bu qənimətdir. Savab qazandıqların zərər sayılmaz.” (“Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqı”, Ustad Baqir Şərif əl-Qürəşi, səh. 272.)

Bəli, Allah-Taalanın yolunda xərc çəkmək ziyan deyil, əksinə, bu, insanı Allah-Taalaya yaxınlaşdıran bir qənimətdir; elə bir qənimət ki, bütün xeyirlər ondadır.

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru