Manatın devalvasiyası yenidən gündəmdə

Manatın devalvasiyası yenidən gündəmdə

“Yeni Müsavat” qəzetinin məqaləsi belə adlanır. Məqalədə dolların bahalaşması fonunda birbaşa olmasa da, dolayısı ilə manat üçün də təhlükə yarandığını, ekspert Qubad İbadoğunun bu günlərdə manatın devalvasiyası ehtimalı haqda açıqlaması yada salınır.
 
Ekspert Vüqar Bayramlı isə deyir ki, manatın aqibətinə dolların bahalaşması ilə bağlı ABŞ Federal Ehtiyat Sisteminin qərarlarından daha çox Azərbaycan Mərkəzi Bankının qərarları təsir göstərir.
 
Ekspertin sözlərinə görə, FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarın milli valyutaya təsir etməməsi manatın bazasının kiçik olması, onun məzənnəsinə Mərkəzi Bankın təsir imkanları, neftin qiymətinin aşağı düşməsi və idxalın məhdudlaşması ilə bağlıdır: “Biz 2017-ci ilin sonunadək, xüsusən də avqustun ikinci, sentyabrın birinci yarısında və dekabrda dollara tələbin artacağını proqnozlaşdırırıq”.
 
Vüqar Bayramlının izahına görə, birinci dövrdə dollara tələbin artması birbaşa yeni dərs ilinin başlamasıyla bağlı olacaq və bu ehtiyaclar idxal hesabına həyata keçirildiyindən dollara tələbat da artacaq. O dekabrda yenidən dollara tələb artımını isə bu aydakı bayramlarla, xarici səfərlərin arması ilə əlaqələndirir.
 
Ekspert deyir ki, eyni zamanda, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin artması ilin sonunda dollara tələbin artacağını söyləməyə əsas verir: “Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərməsi isə birbaşa manat bazasının və Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank artan tələbi ödəməklə mövcud məzənnədəki intervalı qoruyub saxlaya bilər və ya artan tələb fonunda Mərkəzi Bank hərraclarda təklifi artırmayacaqsa, o zaman məzənnəyə təsir göstərəcək. Yəni məzənnə birbaşa Mərkəzi Bankın qərarları ilə formalaşır”. /

Google+ WhatsApp ok.ru