Marketlərdə eyni məhsul müxtəlif qiymətə satılır

Novruz bayramı qabağı marketlərdə tünlük yaşanır. Hər kəs bayram alış-verişini indidən edir. Ancaq bundan istifadə edən işbazlar qiymət artırmaqla yanaşı, digər yollara da əl atırlar. İri marketlərdə apardığımız müşahidə zamanı bəlli oldu ki, eyni məhsul marketlərdə müxtəlif qiymətlərə satılır. Bu da o deməkdir ki, alıcı bir məhsulu almaq istəyirsə, gərək bir neçə marketi gəzib ən münasib qiymətə satılan yerdə olanı alsın.
 
Bu da alıcının zaman xərcləməsinə səbəb olur. Müxtəlif ərazilərdə yerləşən "Rahat", "Səbət" və "Makro" marketlərdə apardığımız müşahidələr də eyni məhsullar arasında ciddi qiymət fərqi olduğunu deməyə əsas verdi. Qiymət fərqlərini daha çox yağlarda, kolbasa və sosislərdə, düyülərdə, vermişellərdə, sularda, pivələrdə, salfetlərdə, qatıqlarda müşahidə etdik. Belə ki, metronun “Nərimanov” stansiyası yaxınlığındakı marketdə 12 manata satılan kolbasa, “Neftçilər”də 12 manat 50 qəpiyə, “28 may”da yerləşən marketdə isə 13 manata satılırdı. Həmçinin nəm salfetlərin qiyməti də bir yerdə 20 qəpik, digər mağazada isə 30-40 qəpiyə satılır. Energetik içkilərin və pivələrin qiymətində 30-50 qəpik arasında fərq vardı.
 
Adi qazsız suların qiymətində isə 10-20 qəpik fərq vardı. Həmçinin 500 qramlıq Ankara vermişeli bir yerdə 1 manat 15 qəpiyə, digər yerdə isə 1 manat 20 qəpiyə, eyni firmanın 800 qramlıq düyüsü isə 3 mağazada 3 fərqli qiymətə - 2 manat, 2 manat 10 qəpik və 2 manat 15 qəpiyə satılırdı. 3 kiloqramlıq “Səba” qatıqları 3 manat 80 qəpiyə, 3 manat 75 qəpiyə və 3 manat 79 qəpiyə, “Westgold” yağlarının bir kiloqramı 8 manat 80 qəpiyə, başqa mağazada 9 manat 55 qəpiyə, digərində 10 manat 30 qəpiyə satılır. “Final” qarğıdalı yağının qiyməti isə mağazalarda 3 manat 15 qəpik və 3 manat 20 qəpik arasında, eyni firmanın günəbaxan yağları isə 2 manat 30 və 2 manat 50 qəpik arasında satılırdı. Qeyd edək ki, qiymət fərqini yalnız ərzaq məhsulları deyil şampun, duş geli və yuyucu tozlarda da müşahidə etdik.
 
Fərqlərdən də göründüyü kimi eyni firmaya məxsus olan məhsul 4 qəpik 1 manat arasında olan fərqlə satılır. Satıcılardan qiymət müxtəlifliyinin səbəbini soruşduqda bəziləri bu sualı cavablandırmaqdan imtina edərək “bilmirəm” cavabını verdi. Bəziləri isə mağazanın verilən malların üstünə faiz qoyub satdığını dedi: “Bir firmanın məhsulu bütün marketlərə vahid bir qiymətdə daxil olur. Mağaza da bu məhsulun üzərinə faiz qoyub satmağa məcburdur ki, burada mağazanın da bir xeyri olsun”.
 
Alıcılar qiymət fərqinin çox olmasından şikayətlənirdilər. “Rahat”da alıcı Şəbnəm Əliyeva düyünün qiymətindən narazı idi: “İstəyirdim ki, axır çərşənbədə plov bişirmək üçün düyünü indidən alım. Ancaq qiymət bahadır. Digər mağazalarda ən azı 30 qəpik ucuzdur”.
 
“Makromarket”də isə alıcı Əsmər Quliyeva sosislərin qiymətindən narazı idi. O, eyni sosisin digər mağazada 6 manat olduğunu, burada isə 50 qəpik baha satıldığını deyirdi.
Satıcılar isə qiymətləri onların deyil, mağazanın tərtib etdiyini və burada qanunsuz bir hal olmadığını bildirirlər.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov marketlərdə heç bir qayda-qanuna riayət olunmadığını və istehlakçıların aldadılğını bildirdi: “Marketlər çox səhv siyasət aparırlar. Yəni marketlərdə heç bir qayda qanun yoxdur. Malın qiymətini nə qədər istəsələr qoyur, istədiklərini edirlər. Mən dəflərlə bu məsələlərin qaydaya salınması üçün İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə söhbət etmişəm. Lakin marketlərin bu hərəkətləri heç bir qanunla tənzimlənmir. İstehsalçı malı marketlərə vahid qiymətlə verir. Qiymətlərdə sonradan marketlərin özləri dəyişiklik aparır. Ancaq onu da qeyd edim ki, burada heç bir qanun pozuntusu yoxdur. İstənilən vətəndaş aldığı malı istədiyi qiymətə sata bilər. Lakin kassada qiyməti baha vurmaq istehlakçının aldadılmasıdır. Yəni eyni malın müxtəlif yerlərdə, müxtəlif qiymətlərdə olması qanunidir. Sadəcə olaraq bizə istehlakçının ən ucuz və keyfiyyətli malı alması lazımdır. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi marketlərdə qayda qanun yarada bilmir. Buna görə də bu cür anormal vəziyyət əmələ gəlib”. musavat /
 
 

Google+ WhatsApp ok.ru