Marketlər Ramazanda istifadə edilən ərzaqları bahalaşdırıb

Ramazan ayı daxil olandan sonra  bir çox məhsulların bahalaşması ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) şikayətlər daxil olub.
 
Maide.Az bildirib ki, bu haqda Modern.az saytına Birliyin sədri Eyyub Hüseynov məlumat verib.
 
“Ramazan ayı girəndən qiymətlər bahalaşıb”
 
Onun sözlərinə görə, son 2 gün ərzində Ramazanda daha çox istifadə edilən məhsulların qiymətinin bahalaşmasına dair şikayətlər artıb:
 
“Xüsusilə, qablaşdırılmış formada satılan xurma, düyü, yağ, bal, balıq kimi məhsulların çəkisi, yaxud keyfiyyəti aşağı düşüb, qiymətlərdə artım müşahidə edilir”.
 
Marketlər külli miqdarda vəsaiti vergidən yayındırır
 
E.Hüseynov bunu hazırda marketlərdə yaşanan böyük problemlərlə əlaqələndirib:
 
“Qiymətlərin şişirdilməsinə rəvac verən marketlərdir. Bu məsələdə mən Vergilər Nazirliyinin mövqeyi ilə tam razıyam. Marketlər qaydasız oyunlar oynayırlar. İlk baxışda hər şeyin qaydasında olduğu görünən marketlər istehlakçıların soyulması ilə məşğuldurlar.
 
Bu gün marketlər istehsalçılardan, mal gətirənlərdən külli miqdarda vergiyə cəlb olunmayan mallar alır.  Məsələn, çörək istehsalçısı öz məhsulunu yerləşdirmək istəyirsə, marketdəki piştaxta ona satılır. Buna görə isə istehsalçı kassa çeki almır, çünki yer ona arendaya verilir.
 
Market çörəyin üzərinə əlavə qiymət qoyur, ayın sonunda mal gətirəndən müəyyən qonorar alır. Müxtəlif vaxtlarda aksiyalar keçirərək yenə də istehsalçıdan ödəniş tələb edir. Siyahını uzatmaq olar. Nəzərə almaq lazımdır ki, marketdə satılan 20 min adda malın çox hissəsi vergiyə cəlb olunmur. Vergiyə cəlb olunmayan məhsullar isə şişirdilmiş qiymətlərlə alıcılara təklif edilir.
Bir çox məqamlarda marketlərin piştaxtalarında qoyulan qiymətlərin kassada baha olduğu anlaşılır. Bu barədə narazılıq bildirəndə isə “unutmuşuq” deyərək özlərinə haqq qazandırmağa çalışırlar. Mənə maraqlıdır, niyə bir dəfə də istehlakçıların xeyrinə olaraq səhv düşmür bu qiymətlər?...”.
 
İstehlakçılar aldadılır
 
AİB sədri Azərbaycanda istehlakçıların hər cür aldadılmasının baş verdiyini bildirib:
“Mən bu barədə İqtisadiyyat Nazirliyi ilə dəfələrlə söhbətlər etmişəm. Bildirmişəm ki, marketlərdə satış qaydaları olmalıdır. Marketlərlə istehsalçılar arasındakı münasibətləri tənzimləyən qanunvericilik işə salınmalıdır ki, mal gətirənlərdən izafi pullar alınmasın. Buna baxmayaraq, marketlərlə bağlı heç bir qayda-qanun yoxdur və istədikləri kimi satış həyata keçirir, stehsalçıları soyurlar. Bu da son nəticədə şişirdilmiş qiymətlərə gətirib çıxarır”.
 

Google+ WhatsApp ok.ru