Mayda da əfv veriləcəyi xəbəri var

Əliməmməd Nuriyev: “...Əfv Komissiyasının iclası ola bilər”; Mirvari Qəhrəmanlı: “May-iyun aylarında azadlığa çıxacaq siyasilərin...”
May ayında yeni əfv sərəncamı imzalanacağı barədə xəbərlər yayılıb. Gələn ayın ya 10-da, ya da 28 mayda əfv veriləcəyi deyilir. Bununla ölkə iqtidarının siyasi məhbus məsələsini tamamən həll edəcəyi, Novruz əfvinə düşməyən, Avropanın diqqətində olan siyasilərin azadlığa buraxılacağı qeyd olunur.
 
Əfv xəbərlərinin fonunda REAL sədri İlqar Məmmədovun və araşdırmaçı jurnalist Xədicə İsmayılın may əfvinə qədər məhkəmələrinin olacağı, iki məşhurun da həbsxana həyatı ilə vidalaşacaqları yayılan xəbərlər sırasındadır. Ötən aydakı əfvdə bir çox siyasinin azad edilməsinə baxmayaraq, hazırda həbsxanalarda ictimaiyyətin və beynəlxalq aləmin diqqətində olan tanınmış məhbuslar var. Onlardan Müsavat başqanının müavini Fərəc Kərimlini, NİDA-çı gənclər İlkin Rüstəmzadə və Əbdül Əbilovu, sabiq səhiyyə naziri Əli İnsanovu, AXCP üzvlərini və başqalarını qeyd etmək olar.
 
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əfvin belə tezliklə verilməsi doğru sayılmır: “Bu, cəza ilə bağlı məsələlərdə bəzi problemlərin yaranmasına səbəb ola bilər. Əlbəttə, çox arzu edərdim ki, əfv verilsin. Amma bu barədə hər hansı bir məlumatım yoxdur. Əfv Komissiyasına müraciətlər daxil olmaqdadır. Komissiyasının katibliyi daim işləyir. Müraciətlərlə bağlı araşdırma aparılır və müvafiq sorğular göndərilir. Müraciət etmiş şəxslərlə bağlı ətraflı məlumat öyrənilir. Müəyyən dövrdən sonra Əfv Komissiyasının iclası ola bilər. Amma bunun tarixini deyə bilmərəm. Çünki məlumatsızam. Bəzi şəxslərlə bağlı yenidən məhkəmələrin olacağını istisna etmirəm. Çünki məhkəmələr hakimiyyətin müstəqil qanadıdır. Müvafiq qərarlar qəbul edəcəklər”.
 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı bildirdi ki, siyasi məhbusların azad olunması prosesi başlayıbsa, onlar arasında ayrı-seçkilik etmək doğru deyil: “Düşünürəm ki, İlqar Məmmədov və Xədicə İsmayılın məhkəmələrinin uzadılması daha çox müsbət göstəricidir. Hökumət əgər hansısa bir siyasi məhbusu azad etmək istəyirsə, öncəliklə cəmiyyətə mesajını göndərir. Mətbuata xəbəri sızdırmaqla göstərmək istəyir ki, belə humanist addım atıram. Məhkəmələrin uzadılması onu deməyə əsas verir ki, bu məhbuslarla bağlı müzakirələr gedir. Bütün siyasi məhbuslar cəmiyyət üçün önəm kəsb edirlər, onları ayırmaq düzgün deyil. Qarşıdan gələn aydan müəyyən gözləntilərimiz var. Müvafiq qurumlar 10 mayda əfv olacağını deyirlər. Amma əsas önəmli olan ölkəmizin müstəqillik günü ilə bağlıdır. Hökumətin humanist addımlar atması çox vacibdir. Müvafiq qurumlar artıq məhbusların azad edilməsi üçün ikili müraciət edirlər. Belə ki, ya siyasi məhbusların azad edilməsini, ya da yenidən məhkəmələrinin keçirilməsini istəyirlər. Hökumətin hazırda beynəlxalq aləm tərəfindən də dəstəklənən siyasəti uzunmüddətli ola bilər. Bu siyasət yarımçıq saxlanılsa, yenə də beynəlxalq aləmdə bizə ziyan gətirər. Hərçənd ki, bu nüfuzun olmasına hazırda ciddi ehtiyacımız var. Təkcə 4 günlük müharibəni göstərmək kifayət edər. Bu baxımdan, hakimiyyətin bunları düşünəcəyini və may-iyun aylarında azadlığa çıxacaq siyasilərin sayının artacağını düşünürəm. Açığı, 10 mayda əfv gözləmirəm. Çünki tezliklə əfv olmaz. Amma mayın axırlarına qədər 2 və ya 3 məhkəmə prosesinin olacağına ümid edirəm. Ola bilər ki, bu məhkəmələrdə İlqar bəy və Xədicə İsmayıl azad olunsun. Beynəlxalq təşkilatlar mart ayından fəaliyyətlərinə necə başlayıblarsa, belə davam etmələri çox vacibdir. Verdikləri bəyanatlar əmr formasını daşımamalıdır. İşçi Qrupu hissə-hissə məhbusların adlarını Əfv Komissiyasına təqdim edir. Birdən-birə 50-60 nəfərlik siyahı vermək olmaz. Siyahımıza yenidən baxılacaq”.
 
Qeyd edək ki, mayın 3-də saat 10:30-da Ali Məhkəmədə Müsavat başqanının müavini Fərəc Kərimlinin hökmündən verilən şikayətə baxılacaq. Bu barədə müsavat.com-a məhbusun atası Raqif Kərimli məlumat verdi: “Aprelin 6-da Fərəclə görüşdük. Növbəti görüşümüz aprelin 21-də olacaq. Telefonla danışır, elə bir narahatçılığı yoxdur. Əfvlə bağlı elə bir fikri yoxdur. Ali Məhkəməyə hazırlaşır. Artıq prosesin günü müəyyən olub. Özü danışanda xəbər verdi ki, bildiriş gəlib, mayın 3-də 10:30-da məhkəməsi olacaq”. (musavat.com)
 

Google+ WhatsApp ok.ru