Müdafiə Nazirliyindəki həbslərlə bağlı daha bir xəbər

Tutulanların general Məmməd Beydullayevin kadrları olduğu deyilir .
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər. Səbayel Rayon Məhkəməsi onların barəsində həbs-qətimkan tədbiri seçib. Baş hərbi müfəttişliyin əməkdaşları rüşvətxorluqda ittiham edilirlər. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur. O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib. 
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında F.Cəbrayılovu hörmətli şəxs kimi xarakterizə edərək onun baş verənlərdən xəbərsiz olduğunu söyləyib. Hərbi ekspert tutulan yüksək çinli zabitlərin müfəttişliyin əvvəlki rəhbəri general Məmməd Beydullayevin kadrları olduğunu bildirib. Həbslər həyata keçiriləndən sonra F.Cəbrayılovun avtobioqrafiyası da maraq dairəsinə gəlib.
Açıq məlumat toplusu olan Vikipediyada Fəxrəddin Cəbrayılov haqda bu məlumatlar var: “12 avqust 1958-ci ildə Ermənistanın Gorus şəhərində anadan olub. Orta təhsilini Culfada alıb. 1975-ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbinə daxil olub. 1979-cu ildə təhsilini başa vurub. Onu təyinatla Almaniyada yerləşən sovet ordusuna qrup komandiri göndəriblər. 1984-cü ildə fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirib. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayıb. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirib. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1992-ci il ”N" saylı taborun komandiri vəzifəsinə təyin edilib. 2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var".
F.Cəbrayılovun 1-ci Qarabağ müharibəsində iştirakı haqda isə bu məlumatlar var: “1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddin Cəbrayılovun hazırladığı plana əsasən, onun taboru döyüşlərə girdi, buradakı erməni yaraqlıları tam məhv edildi, xeyli silah-sursat ələ keçirildi. 1994-cü ildə Füzuli və Kəlbəcər rayonlarında gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular.
F.Cəbrayılov atəşkəsdən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib,  4 aprel 1995-ci il tarixli 307 saylı fərmanla Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb". 
Milli Qəhrəman adını F.Cəbrayılova korpus komandiri Rövşən Əkbərovla eyni gündə veriblər. Onun hazırda tutduğu posta təyinatında şəxsi keyfiyyətləri, zabit kimi təcrübəli olması, Baş Qərargah rəisi Nəcməddin Sadıkovla şəxsi münasibətlərinin rol oynadığı haqda məlumat da var. Bildirilir ki, F.Cəbrayılov vaxtilə hazırkı müdafiə naziri Zakir Həsənovla birgə təhsil alıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti 3 yüksək çinli zabitin həbsi haqda məlumatları təsdiqləyib. 
“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılmış və toplanmış materiallar qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və hazırda istintaq aparılır. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi, tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır”- deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. musavat  /

Google+ WhatsApp ok.ru