Müflis olan Bank Standart-ın əmanətçiləri Mərkəzi Bankın qarşısında növbəti aksiya keçirib

Müflis olan Bank Standart-ın əmanətçiləri Mərkəzi Bankın qarşısında növbəti aksiya keçirib

Müflis olan Bank Standart-ın əmanətçiləri bu gün Mərkəzi Bankın (AMB) binası qarşısında etiraz aksiyası keçirib. Onlar əmanətlərinin qaytarılmasını tələb edib.
 
Qeyd edək ki, bank müflis olandan sonra yalnız 10 min dollara qədər olan əmanətlər qaytarılıb.
 
İnsanlar bankın vəsaitlərinin böyük bir hissəsinin 153 müştəriyə girovsuz kredit şəklində verilməsindən qəzəblənib.
 
Bu 153 müştəri bankdakı bütün vəsaitlərin 80,3% -ni əldə edib. Lakin bank rəhbərliyindən və ya iri kredit alanlardan heç biri məsuliyyətə cəlb edilməyib.
 
Aksiya iştirakçıları “Bank Standart”: Pullarımızı qaytar” plakatı qaldırıblar. Onlar həmçinin “Pulumuzu qaytar” şüarını səsləndirib.
 
İki həftə əvvəlki aksiyada olduğu kimi AMB-dən heç kim  onlarla görüşə çıxmayıb.
 
Polis vətəndaşlara Əmanətlərin Sığortalanması Fonduna getməyi məsləhət görüb. Lakin onlar bunu etməkdən imtina edib, çünki orda olublar və bu da nəticəsiz qalıb.
 
Aksiyanın yekunlarına əsasən, bir qrup etirazçı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun adına müraciət yazıb. Lakin Rüstəmov onları qəbul etməyib.
 
Əmanətçilər komitəsinin sədri Şahin Əhmədov bu ilin yanvar ayında Turan-a bildirib ki, 10 mindən artıq Azərbaycan vətəndaşı Bank Standart-dan pullarını almayıb. Onların 400 nəfəri 30 min dollara qədər əmanət yatırıb.
 
Azərbaycanın ən iri maliyyə müəssisələrindən biri olan Bank Standart 2016-cı ilin oktyabr ayında müflis elan edilib. /turan /
 
 

Google+ WhatsApp ok.ru