İmişli sakini polisdən şikayətçidir

İmişli rayonu, Qaralar kənd sakini Nəriman Xudiyev ölkə başçısı Ilham Əliyev, xanımı Mehriban Əliyeva, milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov və ombudsman Elmira Süleymanovaya müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a yollayıb. Nəriman Xudiyevin müraciətində deyilir:
 
“İmişli Rayon Polis Şöbəsinin əməkdaşı Niyyətəli Imanov 2015-ci ilin 20 yanvarında məni polis bölməsinə dəvət edərək bildirdi ki, rayonun Göbəktala kənd sakini Hafiz Hüseynovla aramda olan mal-qara  alverinə görə ona hesab verməliyəm. Dedi ki, vətəndaşla 14 oktyabr 2014-cü ildə bağladığım borc müqaviləsinin vaxtı 25.01.2015-ci ildə bitir. Həmin borcu qaytarmadığımı deyərək bunu dələduzluq hərəkəti kimi qiymətləndirərək mənə cinayət işi açacağını bildirdi.  Bu şəxs işin bağlanması üçün məndən 10 min manat pulu 15 gün ərzində verməyi tələb etdi. Niyyətəli Imanova dedim ki, 14 oktyabrda bağladığım borc müqaviləsi  Mülki Məcəllənin 266, 268, 269-cu maddələrinə uyğun olaraq tərtib edilmiş və 25.01.2015-ci ilə kimi qaytarılma vaxtı var. Mən borcun bir qismini mal-qara vasitəsilə pul kimi hesablayaraq  qaytarmışam. Qalan hissəni də müqavilə vaxtı bitənə kimi ödəyəcəyəm. Lakin Niyyətəli Imanov polis idarəsində mənə zor tətbiq edərək baş-gicgah nahiyəmdən, kürək və bel hissələrimdən, qarın boşluğumdan zərbələr vurub mənə xəsarət yetirdi. Evə gəldim və səhhətimdə problem olduğundan Bakıya həkimə getdim. Lakin Saatlı rayonu ərazisində vəziyyətim ağırlaşdığından təcili tibbi yardıma zəng vurdum. Saatlı xəstəxanasının təcili yardım xidməti əməkdaşları məni apardılar və ilkin tibbi yardım göstərdilər. Xəstəxanadan  Saatlı RPŞ-yə xəsarət almağım barədə məlumat verildi. Polis şöbəsinin əməkdaşları vəziyyətimlə bağlı məndən izahat aldılar. Lakin bugünə kimi Niyyətəli Imanov barəsində heç bir tədbir görülməyib. Sizdən xahiş edirəm, Imişli Rayon Polis Şöbəsinin əməkdaşı Niyyətəli Imanov barəsində lazımi ölçü götürüb onu qanunauyğun şəkildə cəzalandırasınız”.
 
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq”a bildirib ki, vətəndaşın müraciəti araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb.

Google+ WhatsApp ok.ru