Milli Şura Bakıda mitinq keçirib -YENİLƏNİB (2) - FOTO

Milli Şura Bakıda mitinq keçirib -YENİLƏNİB (2) - FOTO

Bu gün Demokratik Qüvvələrin Milli Şurası "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. 
 
Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri İlham Hüseyn, AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın sədri Cəmin Həsənli çıxış edib. 
 
Sonda mitinqin qətnaməsi oxunub. 
 
Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. 
 
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500-dək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 
 
***
 
 
Meydantv xəbər verir ki,  Milli Şuranın mitinqində işığı kəsirlər, internet yayımına mane olurlar.
 
***
Meydantv xəbər verir ki, Bakı Baş Polis İdarəsi isə xəbərdarlıq edib ki, aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şüarlar səslənsə, iğtişaş və qarşıdurmaya yol verilsə bunun məsuliyyəti təşkilatçıların üzərində qalacaq.
 
Təşkilat Komitəsi isə bəyan edib ki, həmişə olduğu kimi iğtişaşlara qarşıdırlar. Belə hal yalnız hakimiyyət orqanlarının istədiyi halda baş verə bilər.
 
Demokratik Qüvvələrin Milli Şurası son aksiyalarını ötən ilin sentyabrı Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən Referendum öncəsi təşkil etmişdi.
***
 
Bu gün, aprelin 8-i Demokratik Qüvvələrinin Milli Şurası Bakının Yasamal rayonu ərazisindəki “Məhsul ” stadionunda mitinq keçirir. Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
 
Bu dəqiqələrdə Bakıda Demokratik Qüvvələrin Milli Şurasının siyasi və sosial tələblərlə etiraz mitinqi başlayır.
 
Milli Şuranın etiraz aksiyasının əsas şüarları «Talana son!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!»-dır.
 
Etiraz aksiyasının təşkilatçıları mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumətin inzibati basqılardan istifadə etdiyini açıqlayıblar.
 
Təşkilat Komitəsi üzvlərinin sözlərinə görə, mitinqdə iştirak etməkdən ötrü paytaxta gəlmək istəyən əyalət müxalifətçilərinə basqılar olub.
 
Bundan başqa metronun “İnşaatçılar” stansiyası yaxınlığına cəlb olunmuş polis qüvvələrinin də aksiyaya gələnlərin sərbəst hərəkətinə çətinliklər yaratdığı söylənir.
 
Təşkilat Komitəsinin bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
 
Hazırda etiraz aksiyası iştirakçıları mitinqin keçiriləcəyi meydana daxil olurlar. Polis əməkdaşları onları yoxlayır. Təşkilatçıların öncədən elan etdiyi şüarlardan fərqli şüarlar meydana buraxılmır. (azadliq.org)
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru