`Milyonçu balaxanı`nın `səfil` günləri

`Milyonçu balaxanı`nın `səfil` günləri

"Novoye Vremya" qəzeti "Balaxanının çöküşü: Bilmirsən, uşağı yedizdirəsən, ya tualetin məsələsini həll edəsən" sərlövhəli məqalədə qəsəbənin problemləri gündəmə daşınır.
 
Yazıda bildirilir ki, Balaxanı qəsəbəsi indi yaxşı dövrünü yaşamır. Xaotik, özbaşına tikintilər və artan əhali baxımından məişət problemləri də çoxalır:
"Bəla budur ki, artıq öz müddətini başa vurmuş yol və kommunikasiyalar artan yükün öhdəsindən gəlmir. Sabunçu rayon İcra Hakimiyyəti isə, görünür, bu qəsəbəni "unudub"".
 
Müəllif yazır ki, qəsəbədə yollar sıradan çıxıb, çox yerdə çala-çuxurlar əmələ gəlib. Sürücülər qəzetə deyib ki, "Balaxanıya gəldinsə, maşını təmirə qoy".
 
Yazıda vurğulanır ki, qəsəbənin kanalizasiya sistemi də sıradan çıxıb.
"Bizim qara günlərimiz qəsəbədə yeni məhəllələrin salınması ilə başladı. Sakinlər tullantıları birbaşa küçələrə atırlar", - Bunu isə müəllifə qəsəbə sakinlərindən biri deyib.
 
Başqa bir sakin isə belə deyib:
"Kanalizasiya boruları tutulur, həyətdə çala qazmalı oldum. Bu da "Nuh əyyamı" tualetidir, onu hər ay təmizləmək üçün xüsusi maşına 20 manat ödəməli oluram. Maaşım da cəmi 400 manatdır. Mən bilmirəm ki, uşaqları yedizdirim, yoxsa tualetin məsələsini həll edim".
 
Müəllifin yazdığına görə, hara göz gəzdirirsən, zibil yığınları gözə dəyir. Ən pis şəraitdə olanlar isə köhnə mədən ərazisində ev tikənlərdir.
 
"Mazut suları, qamışlıq rahat nəfər almağa imkan vermir. Ətraf dəmir hasarla çəpərlənib. Payızda yollar bataqlığa dönür, hətta rezin çəkmələrə də bizi xilas edə bilmir", - Sakinlərdən biri gileylənib.
 
Yazının sonunda da vurğulanır ki, vaxtilə bu qəsəbədə neft istehsalı Azərbaycan dövlətinə milyonlarla gəlir gətirib. /

Google+ WhatsApp ok.ru