Moskva Bakının xahişini yerə saldı: “Avropa Oyunları istəmirik...”

Rusiyanın idman naziri Vitali Mutko sensasion bəyanatla çıxış edib.
 
Virtualaz.org saytı RİA Novosti agentliyinə istinadən xəbər verir ki, nazir Azərbaycanın 2019-cu il II Avropa Oyunlarını keçirmək təklifi ilə Rusiyaya müraciət edib. Ancaq Rusiya bu təklifi dərhal rədd edib.
 
“Bakı bizdən xahiş etdi ki, Avropa Oyunlarını keçirək, çünki başqa heç kim keçirmək istəmir. Ancaq biz də imtina etdik”- deyə Mutko bildirib.
 
Nazir izah etməyib ki, Avropa Oyunlarına ev sahibliyi etmək təklifi nəyə görə Avropa Olimpiya Komitəsindən yox, məhz Bakıdan gəlib. Eyni zamanda Mutko Rusiyanın təklifdən niyə dərhal imtina etməsinin motivlərini izah etməyib.
 
Birinci Avropa Oyunları 2015-ci ilin yayında keçirilib. Bu yarışlarda medal sayına görə Rusiya birinci, Azərbaycan ikinci yeri tutub.
 
Avropa Olimpiya Komitəsi ikinci oyunların keçirilməsi üçün əvvəlcə Niderlandı seçib. Lakin Niderlandın Milli Olimpiya Komitəsi bu oyunları keçirməkdən imtina edib. Niderland mövqeyini belə əsaslandırıb ki, oyunların keçirilməsi üçün nəzərdə tutulan 33 milyon avro büdcə çoxdur və ümumiyyətlə qitə oyunlarının təşkili ideyası cəlbedici deyil.
 
Bundan sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ikinci oyunlara ev sahibliyi edəcək ölkə axtarmağa başlayıb. Bu yaxınlarda Hikki demişdi ki, ikinci oyunları keçirməyə Rusiya və Türkiyə namizəddir.
 
Lakin göründüyü kimi, Rusiya təklifdən dərhal imtina edib. Türkiyənin də Avropa Oyunlarına xüsusi maraq göstərdiyinə dair məlumat yoxdur. Beləliklə, II Avropa Oyunlarının ümumiyyətlə baş tutmayacağı görünür. /

Google+ WhatsApp ok.ru