Müsavat Partiyası bələdiyyə seçkilərini saxta elan etdi

Dekabrın 24-də Müsavat Partiyası bələdiyyə seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirib. Musavat.com-un məlumatına görə, partiyanın mərkəzi qərargahında keçirilən tədbirdə partiya sədrinin müavinləri iştirak ediblər.

Müsavat başqanının müavini Gülağa Aslanlı çıxış edərək bildirib ki, bələdiyyə seçkilərinin hakimiyyətin müdaxiləsi ilə keçiriləcəyi və saxtakarlığa gediləcəyi əvvəlcədən bəlli idi: “Bu səbəbdən Müsavat Partiyası seçkilərə partiya olaraq qatılmadı, üzvlərinə isə bu mövzuda müstəqillik verdi. Ancaq ayrı-ayrı müsavatçılar seçkiyə qatıldılar. Biz seçkidə müşahidə işini təşkil etməyi öz üzərimizə götürmüşdük. Müşahidələr və namizədlərin verdiyi məlumatlar bizim əvvəlcədən planlaşdırdığımız halın baş verdiyini təsdiqlədi. Ölkədə seçki adına şou baş verdi. Ancaq heç tamaşa göstərmək üçün seçici yox idi. Şəxsən özüm müşahidə etdiyim üç məntəqədə bir seçici də yox idi. Müsavat Partiyası müşahidəçilərdən və namizədlərdən olan məlumatı toplayaraq özünün yekun rəyini hazırlayıb”.

Partiyanın Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndəsi Elman Fəttah isə həmin rəyi mətbuat konfransında iştirak edənlərin diqqətinə çatdırıb: O, bildirib ki, ölkədə ümumiyyətlə seçki mühitinin olmaması, seçki komissiyalarının hakimiyyətin total nəzarəti altında olması, ölkədə ciddi repressiya mühitinin olması bələdiyyə seçkilərinə də ciddi təsir göstərib və bələdiyyə seçkisi total saxtakarlıqla keçib. Ölkə üzrə üç yüzdən artıq seçki məntəqəsində müşahidəçilərinin olduğunu diqqətə çatdıran E.Fəttah deyib ki, bu seçki də əvvəlki kimi yenə də bir siyasi qüvvənin hegemonluğu altında başlayıb, onun nəzarəti altında gedib və yekunlaşıb.

Seçki mühitinin sağlam olmadığını vurğulayan E.Fəttah qeyd edib ki, bələdiyyə üzvlüyünə namizəd kimi 15 min YAP nümayəndəsi qeydə alındığı halda, müxalif mövqeli şəxslərin qeydiyyatını əsassız şəkildə ləğv ediblər: “Namizədlərin qeydiyyatının ləğvi üçün qanunsuz əsaslar əldə edilib. Az sayda qeydiyyatdan keçmiş müxalif namizədlərin heç cür təbliğatına imkan verilməyib. Həmçinin bələdiyyə üzvlüyü və sədrliyi üçün əvvəlcədən rüşvət toplanaraq siyahılar müəyyənləşdirilib, yerli icra hakimiyyətləri müəyyənləşdirilmiş siyahılar üzrə seçkiyə nəzarət edib”. O qeyd edib ki, Müsavat Partiyası 23 dekabr 2014-ü ildə keçirilən bələdiyyə seçkilərinin total şəkildə saxtalaşdırıldığını bildirir və seçkilərin nəticələrini tanımadığını bəyan edib”.

G.Aslanlı isə bildirib ki, ümumilikdə ölkə üzrə seçki aktivliyi on faizdən aşağı olub. Heç bir məntəqədə karbonladırılmış protokol yazılmayıb və imzalanaraq Dairə Seçki Komissiyalarına göndərilməyib. Müsavat Partiyasının üzvü olan namizədlər Sərvər Bağırov və Şamil Beydulla da seçki zamanı üzləşdiyi qanunsuzluqlardan danışıblar . musavat.com /

 

Google+ WhatsApp ok.ru